Xəbər Yerində xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsində hazırlıq iclası ikinci dəfə baş tutmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etməyib. S.Qasımov vəkilinin Gəncə və Şamaxıda digər məhkəmə işləri ilə əlaqədar həmin rayonlara getdiyini bildirib.
Hakim Firdovsi Əliyev və dövlət ittihamçısı Rauf Malışov vəkilin iclasa gəlməməsinə etiraz edərək bunun məhkəmə prosesinin süni şəkildə uzadılmasına səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, bundan əvvəlki hazırlıq iclası da S.Qasımovun ittiham aktını almaması səbəbindən keçirilməyib.
Vəkilin məhkəmədə iştirak etməməsi ilə əlaqədar proses sentyabrın 30-dək təxirə salınıb.
İttiham
Sultan Qasımov külli miqdarda dələduzluqda ittiham olunur. İttihama görə, o, iki nəfərə dələduzluq yolu ilə ümumilikdə 200 min manat məbləğində ziyan vurub.
Hazırda S.Qasımov həbsdə deyil və barəsində alternativ qətimkan tədbiri seçilib.
Polkovnik rütbəsi daşıyan S.Qasımov 2009-2024-cü illərdə Azərbaycanın Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərindəki Baş konsulluqlarına rəhbərlik edib.
Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.
Mənbə: Qafqzinfo



