Sabiq deputat Əsabil Qasımova məxsus “Azər-Tikinti” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin Bakı şəhəri, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, dəyəri 4 milyon 810 min manat qiymətləndirilən özəl mülkiyyəti qanunsuz sökdüyü bildirilir.
İki mərtəbədən və zirzəmidə yerləşən obyektlərdən ibarət binanın sökülməsi ilə bağlı Bakı şəhər prokurorunun göstərişi əsasında Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.
İş üzrə iş adamı Naiq Məmmədhəsənov zərərçəkmiş şəxs qismində tanınıb.
Sökülən binada məşhur restoran və konyak evi yerləşib
Məlumata görə, sökülən binanın zirzəmisində məşhur “Mağara” restoranı və Dequstasiya zalı fəaliyyət göstərib. Birinci mərtəbədə Bakıdakı səfirliklərin tədbirlər keçirdiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbədə isə hostel yerləşib.
Əmlakın ümumi dəyəri 4 milyon 810 min manat məbləğində qiymətləndirilib.
Qeyd edək ki, bundan əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqı müqaviləsi imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub.
Cinayət işinin başlanması şirkətin vəzifəli şəxslərinin təqsirli bilinməsi demək deyil. Hadisənin hüquqi qiyməti istintaqın nəticələrindən asılı olacaq.

