Aqil Abbas Sahibə Qafarovanın iradında haqlı olduğunu etiraf etdi
Milli Məclisin deputatı Aqil Abbas spiker Sahibə Qafarovanın onun Ağdamda evlə təmin olunmaması ilə bağlı çıxışına irad bildirməsini haqlı hesab etdiyini açıqlayıb.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat məsələ ətrafında yaranan müzakirələrə münasibət bildirərkən cəmiyyətin bu mövzuda iki yerə bölünməsini yanlış adlandırıb.
Aqil Abbas bildirib ki, çıxışı zamanı mövzudan kənara çıxıb və fikirlərini başqa vaxt səsləndirməli idi:
“Cəmiyyət səhv edir. Cəmiyyət bu işə niyə qarışır axı? Mən demişəm, xanım sədr də mənə haqlı irad bildirib. Çünki mən orada mövzudan kənara çıxmışam. Mən özümə ev istəməmişəm, sadəcə demişəm ki, məcburi köçkün statusuna yenidən baxılsa, yaxşı olar. Ağdamda işlər yekunlaşanda 20 min ev tikilmiş olacaq, elə o 20 min ev mənim evim deməkdir. Hər bir ağdamlının evi elə mənim evimdir”.
Deputat qeyd edib ki, həmin vaxt Milli Məclisdə “Pulsuz hüquqi yardım haqqında” qanun müzakirə olunurdu və o, bu məsələni cari məsələlər üçün ayrılan vaxtda qaldırmalı idi.
Aqil Abbas hazırda evlərin şəhid ailələrinə və müharibə veteranlarına verildiyini, mərhələli şəkildə digər məcburi köçkünlərin də mənzillə təmin olunacağını düşündüyünü bildirib.
Xatırladaq ki, mübahisə oktyabrın 30-da Milli Məclisin plenar iclasında yaranıb.
Aqil Abbas çıxışında Ağdamda atası ilə bağlı mülkün yerində tikilən evlərdən ailəsinə niyə mənzil verilmədiyini sual edib. O, atasının Ağdamda altıotaqlı evi olduğunu, ailədə beş bacı və iki qardaş olduqlarını, lakin heç birinə ev düşmədiyini bildirib.
Deputat həmçinin məcburi köçkün statusuna yenidən baxılmasının vacibliyini vurğulayıb.
Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edərək, onun bu çıxışla Qarabağda görülən bərpa-quruculuq işlərinə kölgə saldığını bildirib. O, Ağdama məhz ağdamlıların köçürüldüyünü xatırladaraq, deputatın bu məsələni qanun layihəsinin müzakirəsi zamanı deyil, başqa vaxt qaldırmalı olduğunu qeyd edib.

