Siçanlar üzərində inanılmaz təcrübə – insan hüceyrələri beynə yerləşdirildi

Siçanlar üzərində inanılmaz təcrübə – insan hüceyrələri beynə yerləşdirildi

Xəbər Yerində xəbər verir ki, ABŞ-li neyroalimlər siçanların beynində funksional insan hüceyrələrinin inkişafına nail olublar.

“Nature” jurnalında dərc olunan araşdırmaya görə, alimlər siçan beyninin müəyyən hissəsini insan hüceyrələri ilə əvəz edərək həmin hüceyrələrin heyvanın mövcud beyin və onurğa beyni sistemləri ilə əlaqə yaratmasını təmin ediblər.

Tədqiqatçıların fikrincə, yeni üsul yalnız insanlarda müşahidə olunan psixiatrik və neyroinkişaf xəstəliklərinin öyrənilməsi, eləcə də gələcək müalicə üsullarının sınaqdan keçirilməsi üçün yeni imkanlar aça bilər.

Məqsəd insan xəstəliklərini daha yaxşı öyrənməkdir

Alimlərin əsas məqsədi hazırda effektiv müalicəsi olmayan beyin xəstəliklərinin biologiyasını daha dərindən araşdırmaqdır.

Bəzi xəstəliklərin siçanlar üzərində öyrənilməsi mümkün deyil. Çünki həmin patologiyalar gəmiricilərdə təbii şəkildə inkişaf etmir.

Stanford Universitetinin professoru və tədqiqatın aparıcı müəllifi Sergiu Paşka bildirib ki, psixiatriya klinik tədqiqatlarda ən aşağı uğur göstəricilərinə malik sahələrdən biridir.

Onun sözlərinə görə, heyvanlar üzərində uğurlu nəticə göstərən və klinik sınaqlara qədər gəlib çatan bir sıra dərmanlar insanlarda sınaq zamanı uğursuz olur.

Paşka bunun insan beyninin biologiyası barədə hələ çox məqamın məlum olmadığını göstərdiyini vurğulayıb.

Siçanların beynində nə dəyişdirildi?

Tədqiqatın ilk mərhələsində alimlər siçanları genetik olaraq dəyişdiriblər. Nəticədə heyvanların beyin qabığının, yəni korteksin demək olar ki, tam formalaşmasının qarşısı alınıb.

Korteks beynin xarici təbəqəsidir və yaddaş, düşüncə, qavrayış və digər yüksək səviyyəli funksiyalarda mühüm rol oynayır.

Daha sonra alimlər insanlardan götürülmüş dəri hüceyrələrini yenidən proqramlaşdıraraq beyin toxumasına bənzər hüceyrə qruplarına çeviriblər.

Bu strukturlar “orqanoid” adlanır. Onlar tam formalaşmış insan beyni deyil, laboratoriyada yetişdirilən və bir-biri ilə əlaqə yaradan canlı hüceyrə qruplarıdır.

İnsan hüceyrələri siçan beyninə inteqrasiya oldu

Tədqiqatçılar hazırlanmış orqanoidləri siçanların beyninə implantasiya ediblər.

Müəyyən müddətdən sonra insan hüceyrələrinin siçanın mövcud beyin dövrələrinə inteqrasiya olduğu, həmçinin beynin və onurğa beyninin digər hissələri ilə əlaqə yaratdığı müşahidə edilib.

Alimlər xüsusi olaraq vurğulayıblar ki, bu təcrübənin nəticəsində “insan kimi düşünən siçanlar” yaranmayıb.

İnsan hüceyrələrinin yaratdığı korteksin quruluşunun da normal insan beynindəki qədər mükəmməl olmadığı bildirilib.

Altı ay sonra siçanlar test edildi

Neyroalim İlari Allodinin sözlərinə görə, insan və siçan hüceyrələrinin birlikdə yaratdığı beyin strukturları ilkin baxışda olduqca qarışıq görünürdü.

Buna baxmayaraq, bir neçə ay sonra insan hüceyrələrinin siçan beyninin xarici təbəqəsinə bənzər şəkildə təşkil olunmağa və fəaliyyət göstərməyə başladığı müşahidə edilib.

Əməliyyatdan təxminən altı ay sonra alimlər siçanların davranışlarını da araşdırıblar. Heyvanlar müxtəlif testlər üçün xüsusi kiçik arenaya yerləşdirilib.

Sergiu Paşkanın sözlərinə görə, siçanlar keçirilən testlərdə əsasən adi siçanlara bənzər nəticələr göstəriblər.

Epilepsiya və autizm üçün yeni model

Tədqiqatçılar hesab edirlər ki, bu model gələcəkdə epilepsiya, autizm, serebral iflic və digər mürəkkəb beyin xəstəliklərinin öyrənilməsində istifadə oluna bilər.

Paşka yeni yanaşmanın insan beyninin funksiyasının bəzi aspektlərini əvvəl mümkün olmayan formada araşdırmağa imkan verdiyini bildirib.

Tədqiqatın müstəqil etik nəzarət altında aparıldığı qeyd olunur.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir