Xəbər Yerində xəbər verir ki, SOCAR ABŞ-ın “Comstock Resources, Inc.” şirkəti ilə strateji tərəfdaşlığın qurulması istiqamətində Niyyət Məktubu imzalayıb.
Razılaşmaya əsasən, SOCAR ABŞ-ın Luiziana ştatında yerləşən “Haynesville” qaz hövzəsində bir sıra aktivlərdə iştirak payı əldə edəcək. Azərbaycan şirkəti “Legacy Haynesville” upstream aktivlərinin 20 faizinə, “Western Haynesville” aktivlərinin isə 15 faizinə sahib olacaq.
Bundan əlavə, SOCAR “Comstock”un “Pinnacle Gas Services LLC” şirkətindəki 73 faizlik iştirak payının 15 faizini əldə etməyi planlaşdırır.
Əməliyyatın ümumi dəyəri standart alış qiyməti düzəlişləri nəzərə alınmaqla 1,65 milyard ABŞ dolları təşkil edir. Əməliyyatın maliyyələşdirilməsi üçün SOCAR tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
SOCAR ABŞ-ın qaz bazarında mövqeyini gücləndirir
Tərəflər yekun alqı-satqı müqaviləsini oktyabrın 31-dək imzalamağı, bütün zəruri təsdiqlər alındıqdan sonra isə sövdələşməni ilin sonunadək tamamlamağı hədəfləyirlər.
Strateji tərəfdaşlıq yalnız mövcud aktivlərlə məhdudlaşmayacaq. SOCAR-ın “Haynesville” və “Western Haynesville” ərazilərində gələcəkdə yaradılacaq yeni imkanlarda da iştirak etməsi planlaşdırılır.
Tərəflər, həmçinin “Comstock”un hasil etdiyi təbii qazın beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, tərəfdaşlıq hər iki şirkətin təcrübə və imkanlarının birləşdirilməsi baxımından əhəmiyyətlidir. “Comstock”un rəhbəri M. Cey Allison isə razılaşmanın şirkətin borc yükünün əhəmiyyətli dərəcədə azaldılmasına və “Western Haynesville” üzrə planlaşdırılan layihələrin maliyyələşdirilməsinə imkan yaradacağını qeyd edib.
Qeyd edək ki, “Comstock” sövdələşmədən sonra da sözügedən upstream və midstream aktivlərin operatoru və idarəedicisi olaraq qalacaq.

