Xəbər Yerində Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin adı dünyanın ən yüksək zirvəsi olan Everestə qalxanların siyahısında yer alıb.
“High Adventure Expeditions” saytında “The Himalayan Database” məlumatları əsasında yayımlanan siyahıda Rövşən Nəcəfin 2025-ci il mayın 18-də Everest zirvəsinə qalxdığı göstərilib.
Siyahıda onun adı “Rovshan Najaf” kimi qeyd olunub. Məlumata əsasən, o, Azərbaycan vətəndaşıdır və zirvəyə qalxan zaman 43 yaşında olub. Rövşən Nəcəfin istifadə etdiyi marşrut Cənub aşırımı–Cənub-şərq silsiləsi kimi göstərilib.
Everestə qalxan azərbaycanlıların siyahısı
Qeyd edək ki, Everest dəniz səviyyəsindən 8 848,86 metr yüksəklikdə yerləşir və dünyanın ən yüksək zirvəsi hesab olunur. Zirvəyə qalxış çətin hava şəraiti, aşağı temperatur və oksigen çatışmazlığı səbəbindən ciddi fiziki hazırlıq və təcrübə tələb edir.
İndiyədək Everest zirvəsinə qalxanlar arasında Azərbaycanı təmsil edən İsrafil Aşurlu (19 may 2007-ci il), Murad Aşurlu (19 may 2013-cü il), Vadim Vokryaçko (24 may 2019-cu il), Elmira Aslanova (19 may 2023-cü il), Vəfa Musayeva (15 may 2025-ci il) və Rövşən Nəcəfin (18 may 2025-ci il) adları yer alıb.
Xatırladaq ki, Rövşən Nəcəf 2022-ci il iyulun 21-də SOCAR-ın prezidenti vəzifəsinə təyin olunub.

