Son dövrlər insanlar səhhətlərində yaranan problemlərlə bağlı həkimə müraciət etmək əvəzinə, süni intellektdən məsləhət almağa üstünlük verirlər. Bəzi şəxslər isə bununla kifayətlənməyərək süni intellektin tövsiyə etdiyi dərmanları həkim təyinatı olmadan qəbul edirlər.
Xəbər Yerində xəbər verir ki, bu barədə Baku TV-nin hazırladığı süjetdə məlumat verilib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür yanaşma insan sağlamlığı üçün ciddi təhlükə yarada, arzuolunmaz fəsadlara səbəb ola bilər.
Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğuda iştirak edən vətəndaşlar da süni intellektin təqdim etdiyi tibbi məsləhətlərə tam etibar etməyin düzgün olmadığını bildiriblər.
Həkim Abbas Bağırov məsələ ilə bağlı qeyd edib ki, tibbi praktikada istifadə olunan bütün dərman preparatlarının əlavə təsirləri və əks göstərişləri mövcuddur. Onun sözlərinə görə, hər bir insanın orqanizmi dərmanlara fərqli reaksiya verə bilər.
Psixoloq Ülviyyə Murtuzova isə yaxın vaxtlarda dərmanların uyğunsuz istifadəsi nəticəsində ağır fəsadlarla üzləşən pasiyentlə qarşılaşdığını bildirib.
“Yaxın vaxtlarda bütün bədənində ciddi yaralar və səpkilər yaranmış bir pasiyentlə qarşılaşdıq. Buna eyni vaxtda qəbulu qəti əks göstəriş olan dərmanların istifadəsi səbəb olmuşdu. Həmin şəxs artıq aylardır dermatoloq və allerqoloqlar tərəfindən müalicə olunur”, – deyə o söyləyib.
Qeyd edək ki, süni intellekt sağlamlıqla bağlı ümumi məlumat əldə etmək üçün faydalı vasitə olsa da, həkim müayinəsini və peşəkar tibbi qiymətləndirməni əvəz etmir. Dərman preparatlarının qəbulu, dozası və digər dərmanlarla uyğunluğu barədə qərar həkimlə məsləhətləşdikdən sonra verilməlidir.

