Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliyada süni intellektdən istifadə edən fırıldaqçılar ölkənin ən böyük bank qruplarından biri olan “Intesa Sanpaolo”nun özəl bank bölməsi “Fideuram”ı hədəfə alıblar.
Fırıldaqçılar yüksəkvəzifəli şəxslərin adından saxta “WhatsApp” mesajları göndərib, daha sonra isə süni intellektlə hazırlanmış səs yazılarından istifadə edərək bank rəhbərliyini aldadıblar. Nəticədə təxminən 95 milyon avronun (184 milyon manat) müxtəlif hesablara köçürülməsinə nail olunub.
Saxta mesajla başlayan plan
Hadisə fevral ayında başlayıb. “Fideuram”ın o vaxtkı prezidenti Paolo Molesini “Intesa Sanpaolo”nun baş direktoru Karlo Messinanın adından göndərildiyini düşündüyü “WhatsApp” mesajı alıb.
Mesajda bankın xaricdə həyata keçirilməsi nəzərdə tutulan təcili maliyyə əməliyyatı ilə əlaqədar bir neçə pul köçürməsinin həyata keçirilməsinin vacib olduğu bildirilib.
Daha sonra Molesinin tanıdığı beynəlxalq hüquq firmasının meneceri də prosesə cəlb edilib. Lakin telefon danışığı zamanı qarşı tərəfin əslində həmin vəkil olmadığı məlum olub.
Vəkilin səsini süni intellektlə təqlid ediblər
Fırıldaqçılar süni intellekt texnologiyasından istifadə etməklə hüquq firmasının menecerinin səsini təqlid ediblər. Saxta səs vasitəsilə Molesini ilə danışılıb və bank rəhbərinə verilən göstərişlərin real olduğuna dair əlavə inam yaradılıb.
Beləliklə, fırıldaqçılar yazışmaları telefon danışığı ilə tamamlayaraq bank rəhbərliyində əməliyyatların həqiqi olduğu təəssüratını formalaşdırıblar.
59 milyon avro geri qaytarılıb
Saxta göstərişlər əsasında “Fideuram”dan çoxsaylı pul köçürmələri həyata keçirilib. Vəsaitin böyük hissəsi Çin və Honq Konqdakı hesablara göndərilib.
Fırıldaqçılıq üzə çıxdıqdan sonra bank beynəlxalq maliyyə sistemləri vasitəsilə köçürülən pulların izinə düşüb. Nəticədə təxminən 59 milyon avro geri qaytarılıb.
Bununla belə, ən azı 36 milyon avronun kriptovalyutaya çevrildiyi və hələ də geri qaytarılmadığı bildirilir. İtaliya hakimiyyəti itkin vəsaitin müəyyənləşdirilməsi və geri qaytarılması üçün müxtəlif ölkələrlə əməkdaşlıq edir.

