Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunmuş əmlaklarından biri açıq hərrac vasitəsilə satılıb.
Söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində yerləşən, ümumi sahəsi 370,4 kvadratmetr olan mənzildən gedir. Mənzil 5-ci dəfə hərraca çıxarılıb və ilkin 1 milyon manatlıq qiymətindən 50 faiz endirim tətbiq edildikdən sonra 463 min 125 manata alıcı tapıb.
Mənzili alan şəxsin kimliyi açıqlanmayıb. Satışdan əldə olunan vəsait dövlətə vurulmuş ziyanın bir hissəsinin ödənilməsinə yönəldiləcək.
Səlim Müslümovun müsadirə edilmiş digər əmlakı – Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən, 61,1 kvadratmetr sahəsi olan mənzil isə satılmayıb. Həmin mənzil avqustun 18-də 6-cı dəfə hərraca çıxarılacaq və əvvəlki hərracda olduğu kimi 175 min manat start qiyməti ilə satışa təqdim ediləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə ittiham olunub. Məhkəmənin hökmü ilə onun dövlətə 27 milyon manat ziyan vurduğu müəyyən edilib. Dəymiş ziyan ödənildiyi üçün sabiq nazirə şərti cəza verilib, eyni zamanda çoxsaylı əmlakı müsadirə olunub.

