Fransa məhkəməsi Qənimət Zahidi cəzalandırdı

Fransa məhkəməsi Qənimət Zahidi cəzalandırdı

Mühacirətdə yaşayan jurnalist Qənimət Zahid sabiq deputat Çingiz Qənizadəyə məhkəmə qərarı əsasında təzminat ödəyib.

Xeberyerinde-nin əldə etdiyi məlumata görə, buna səbəb Qənimət Zahidin 2019-cu ildə “YouTube” platformasında yayımladığı videolarda Çingiz Qənizadə barəsində səsləndirdiyi iddialar olub.

Həmin videolarda Çingiz Qənizadə Rusiyada azərbaycanlı iş adamı Ruslan Hüseynovun qətlinin təşkilatçısı və ya iştirakçısı kimi təqdim edilib. Keçmiş deputat bu iddiaların böhtan xarakterli olduğunu bildirərək Fransada məhkəməyə müraciət edib.

Paris Cinayət Məhkəməsi işə baxaraq Qənimət Zahidi böhtana görə təqsirli hesab edib. Məhkəmənin qərarına əsasən, jurnalist 500 avro məbləğində cərimələnib, həmçinin Çingiz Qənizadəyə 300 avro məbləğində mənəvi təzminat ödəməsi qərara alınıb.

Çingiz Qənizadə son açıqlamasında bildirib ki, Qənimət Zahid məhkəmə qərarını icra edərək müəyyən edilmiş təzminatı artıq ödəyib.

Onun sözlərinə görə, bu, xaricdə sığınacaq almış bir bloqer barədə yaşadığı ölkənin məhkəməsinin böhtan iddiası üzrə çıxardığı qərarın icrası baxımından mühüm presedentdir.

Qənizadə qeyd edib ki, 2019-cu ildə başladılan məhkəmə prosesi pandemiya səbəbindən uzanıb və 2025-ci il oktyabrın 21-də yekunlaşıb.

O bildirib ki, Qənimət Zahid əvvəlcə qərarın icrasından yayınmağa çalışsa da, Fransadakı vəkillərinin fəaliyyəti və qarşı tərəfin hüquqi təzyiqi nəticəsində iki gün əvvəl həm cəriməni, həm də kompensasiyanı tam şəkildə ödəyib.

“Bu, mənim üçün qələbədir. Məqsədim xaricdə sığınacaq alan və böhtan xarakterli iddialar səsləndirən şəxslərin yaşadıqları ölkələrin qanunları qarşısında cavab verməsinə nail olmaq idi və buna da nail oldum”, – deyə Çingiz Qənizadə vurğulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir