Şəmkir rayonunda 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Qadını xüsusi amansızlıqla öldürərək evindən pul və qızıl-zinət əşyalarını talamaqda təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi məhkəməyə göndərilib.
Xəbər Yerində Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə 2013-cü il avqustun 5-də baş verib. Həmin gün 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın Şəmkir rayonunda yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Qadını cib bıçağı ilə öldürüb, evindən pul və qızıl aparıb
Baş Prokurorluğun İstintaq idarəsində aparılan araşdırmalarla 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qanunsuz olaraq Kifayət Məhərrəmovanın yaşadığı mənzilə daxil olduğu müəyyən edilib.
İstintaq materiallarına əsasən, o, üzərindəki qatlanan cib bıçağı ilə qadına çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürüb. Daha sonra mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.
Təqsirləndirilən şəxsə ağır ittihamlar irəli sürülüb
Xəyal Məmmədov 22 sentyabr 2026-cı il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb. İttiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiqlənərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

