Telefon əlindən düşməyən uşaqlar: təhlükə nə qədər ciddidir?-Espert rəyi

Telefon əlindən düşməyən uşaqlar: təhlükə nə qədər ciddidir?-Espert rəyi

Azərbaycanda və dünyada sosial şəbəkə istifadəçilərinin yaşının getdikcə azalması ciddi narahatlıqlara səbəb olur. Belə ki, kiçik yaşdan etibarən uşaqların telefon və qadjetlərdən müntəzəm istifadəsi onların yaşlarına uyğun olmayan kontentlərlə qarşılaşması, şüuraltı mesajların qəbul olunması valideynlərin narahatlığına səbəb olur.

Yay aylarında tətildə boş vaxtlarının çox olması ilə əlaqədar olaraq, kiçik yaşda uşaqlar internetdən daha geniş istifadə edir. Belə ki, bəzi uşaqlar telefonlarda oyun oynamağa üstünlünlük versələr də, bəziləri Tiktok, Youtube kimi platformalarda “reels”ə baxaraq vaxt keçirir. Ekspertlərin rəylərinə görə, bu onların inkişaf dövründə beyin strukturuna birbaşa təsir göstərir. Belə ki, bu platformalardakı alqoritmlər beynin mükafatlandırma mexanizmini (dofamin) daim işə salaraq, uşaqlarda asılılığı gücləndirir.

Mövzu ilə bağlı Totem Psixologiya mərkəzinin peşəkar psixoloqu Aynur İsmayılova Xeberyerinde-nin suallarını cavablandıraraq valideynlər üçün vacib məqamlara aydınlıq gətirib:

Təəssüflə qeyd etmək istəyirəm ki, uşaqlarımızın rutin həyatı sosial şəbəkələrə keçib. Biz illərlə həyətdə oynayan uşaqların sayını az görürük, birlikdə “klas-klas”, “yedişüşə”, “gizlənqaç”, topla müxtəlif oyunlar oynayan uşaqların yerini evdə passiv həyat sürən, telefon və qadjetlərdən istifadə edən uşaqlar alıb. Bu cəmiyyətimizdə real sosiallığın azalmasını göstərir. Valideynlərin bu məsələ rolu danılmazdır, onlar hətta kiçik yaşlardan uşaqlara yemək yeməsi üçün və ya işlərini daha rahat həll etsin deyə onların “başını qatmaq” məqsədilə telefona öyrəşdirir. 17 illik təcrübəmə əsasən deyə bilərəm ki, emosional cəhətdən sosial şəbəkədən aslı olan uşaqların demək olar ki hamısında diqqət əksikliyi, özünə qapanma, psixi inkişaf ləngiməsi müşahidə olunur, bu da onların dərs davrayışını zəiflədir. Uzun müddətli telefon istifadə edən uşaqlarda tez-tez əhval pozulması, stress səviyyəsinin yüksək olması qaçınılmazdır. Cizgi filmlərdə hadisələrin dinamikliyi, sürətli inkişafı real həyatla uyğunlaşmadığı üçün səbrsizlik və aqressivlik müasir uşaqların bəlasına çevrilib.

Yeniyetməlik dövründə olan uşaqlar toksik insanların qurbanı ola bilər

Yeniyetmə uşaqlarda valideyn nəzarəti olmadıqda və ya sağlam psixoloji əlaqə müşahidə olunmadıqda belə uşaqlar sosial şəbəkələrdən tanış olduqları toksik insanların qurbanlarına çevrilə bilirlər. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, son illərdə kiberzorakılıq, dələduzluqla üzləşən bir çox valideyn-uşaq problemi olmuşdur. Buna görə də, valideyn məsuliyyəti digər psixoloji problemlərdə olduğu kimi, bu məsələdə də ön plandadır.

Psixoloq sonda vurğulayıb ki, uşaqları sosial şəbəkələrdən tamamilə uzaqlaşdırmaq hər zaman mümkün olmasa da, onların internetdən istifadəsinə nəzarət etmək və düzgün rəqəmsal vərdişlər formalaşdırmaq valideynlərin əsas vəzifələrindən biridir.

Onun sözlərinə görə, valideynlər övladlarının ekran qarşısında keçirdiyi vaxta məhdudiyyət qoymalı, izlədikləri məzmunla maraqlanmalı, onlarla açıq ünsiyyət qurmalı və asudə vaxtlarını idman, kitab oxumaq, yaradıcı məşğələlər və açıq havada oyunlarla zənginləşdirməlidirlər.

Aynur İsmayılova hesab edir ki, uşaqların sağlam psixoloji inkişafı üçün ailə daxilində keyfiyyətli ünsiyyət, emosional dəstək və real sosial münasibətlər virtual mühitdən daha vacibdir. Onun fikrincə, valideyn nəzarəti və düzgün rəqəmsal tərbiyə sayəsində sosial şəbəkələrin yaratdığı riskləri minimuma endirmək mümkündür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir