Xəbər Yerində xəbər verir ki, Türkiyənin Van şəhərində “Vanlı Qara Heydər” kimi tanınan Mehmet Fatih Tançalan ilə Çağla Özün toy mərasimi sonradan hüquqi araşdırmaya çevrilib.
Dəbdəbəli toyda gəlinin üzərində çoxsaylı qızıl-zinət əşyalarının olması, bəyin isə cangüdənlərin müşayiəti ilə hərəkət etməsi diqqət çəkib. Sözügedən görüntülər Van Respublika Baş Prokurorluğunun araşdırmasına səbəb olub.
İstintaq çərçivəsində Mehmet Fatih Tançalan sentyabrın 8-də Vanın Muradiye rayonunda saxlanılıb. Polis və prokurorluqdakı prosedurlardan sonra o, “cinayət yolu ilə əldə edilmiş mal varlığı dəyərlərini qanuniləşdirmə” ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.
Araşdırma zamanı Tançalanın əmlakının mənbəyinin müəyyənləşdirilməsi üçün Maliyyə Cinayətləri ilə Mübarizə Şurasının (MASAK) araşdırma aparması tələb olunub. Toyda nümayiş etdirilən qiymətli zinət əşyalarının mənşəyi də istintaqın əsas istiqamətlərindən birinə çevrilib.
Tançalan isə ifadəsində ittihamları rədd edib. O, toy xərclərinin sponsorlar tərəfindən qarşılandığını, mərasimdə nümayiş etdirilən qızılların isə tanıdığı zərgərdən icarəyə götürüldüyünü və toy başa çatdıqdan sonra geri qaytarıldığını bildirib.
Lakin istintaq zamanı onun “kirayə götürmüşdük” dediyi qızılların bir evin odunluğunda aşkarlandığı bildirilib.
Hadisə ilə bağlı araşdırma davam edir.
Mənbə: Unikal.az

