Toyuq filesi 11 manata qalxdı: Marketlərdə niyə tapılmır?

Toyuq filesi 11 manata qalxdı: Marketlərdə niyə tapılmır?

“Xəbər Yerində” News24.az-a istinadən xəbər verir ki, son günlər marketlərdə təzə toyuq əti, xüsusilə də toyuq filesinin tapılması çətinləşib.

Alıcıların sözlərinə görə, bəzi satış məntəqələrində yalnız dondurulmuş toyuq məhsulları təklif olunur. Təzə toyuq ətinə tələbatın artması fonunda file məhsulunun qiymətində də nəzərəçarpacaq bahalaşma müşahidə edilir.

Bir müddət əvvəl kilosu 6,50-7 manat olan toyuq filesinin hazırkı qiyməti 9-11 manat arasında dəyişir.

Tələbat niyə artıb?

Qida mütəxəssisi Fərid Səfərov bildirib ki, son günlər toyuq filesinin tapılmaması əsasən tələbatın qısa müddətdə artması və təchizatın bu artımı eyni sürətlə qarşılaya bilməməsi ilə bağlıdır.

Onun sözlərinə görə, yay mövsümünün başa çatması, insanların məzuniyyətdən qayıtması, məktəblərin açılması, ictimai iaşə və fast-food sektorunda aktivliyin artması toyuq ətinə tələbatı yüksəldib.

Bakıda keçirilən müxtəlif tədbirlər və turist axını da hazır qida sektorunda toyuq ətinə tələbi artıran amillər sırasında göstərilir.

Ekspert qeyd edib ki, fileyə tələbatın daha çox artmasının əsas səbəblərindən biri onun sümüksüz və istifadəyə hazır olmasıdır. Bu səbəbdən məhsul həm ev təsərrüfatlarında, həm də restoran, dönərxana, pizza və digər iaşə obyektlərində geniş istifadə olunur.

Toyuq qıtlığı var?

Fərid Səfərov hazırkı vəziyyəti uzunmüddətli və ciddi toyuq qıtlığı kimi qiymətləndirməyin hələ tez olduğunu deyib.

Onun sözlərinə görə, marketdə file məhsulunun olmaması avtomatik olaraq ölkədə toyuq qıtlığı olduğu anlamına gəlmir. Problem istehsaldan daha çox logistika, paylama və ayrı-ayrı satış şəbəkələrindəki stoklarla əlaqəli ola bilər.

Əgər yem, cücə, enerji və logistika xərclərində ciddi artım baş verməzsə və istehsalçılar yüksələn tələbatı qarşılaya bilsələr, qiymətlərin kəskin və davamlı artması üçün əsas zəifdir.

Ekspertin sözlərinə görə, istehsalçı assosiasiyası da mövcud çatışmazlığın müvəqqəti olduğunu və qısa müddətdə aradan qalxa biləcəyini açıqlayıb.

Qiymətlər yenidən arta bilər?

Mütəxəssis bildirib ki, pərakəndə satış qiyməti yalnız istehsal xərclərindən formalaşmır. Tələbatın yüksək qalması marketlərin alış qiymətinə, logistika, soyuducu zəncir, emal və qablaşdırma xərclərinə, eləcə də ticarət marjasına təsir göstərə bilər.

Bu səbəbdən ayrı-ayrı mağazalarda qiymət artımı davam etsə də, bunu bütün bazarda davamlı bahalaşma kimi qiymətləndirmək düzgün deyil.

Hazırda əsas problemin toyuq filesinə artan tələbat və müvəqqəti təchizat çatışmazlığı olduğu bildirilir. İstehsal və təchizat normallaşarsa, marketlərdə file qıtlığının azalması və qiymətlərin sabitləşməsi gözlənilir.

Lakin qarşıdakı aylarda yem və digər istehsal xərclərinin yüksəlməsi, quşçuluq təsərrüfatlarında xəstəliklərin yayılması və ya idxal-təchizat problemlərinin yaranması qiymətlərə daha ciddi təzyiq göstərə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir