ABŞ Prezidenti Donald Tramp 2026-cı il üzrə Nobel Sülh mükafatının Cənubi Afrikadan olan hüquqşünas Navi Pillaya verilməsinə münasibət bildirib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp bu barədə Nyu-York ştatında çıxışı zamanı danışıb.
ABŞ Prezidenti mükafatın laureatını tanımadığını iddia edərək onun adını əvvəllər eşitmədiyini deyib.
“Onlar Nobel Sülh mükafatını şəxsən haqqında heç vaxt eşitmədiyim şəxsə verdilər. Ümumilikdə, onu heç kim tanımır”, – deyə Tramp bildirib.
O, Nobel Sülh mükafatına özünün daha çox layiq olduğunu vurğulayıb.
“Siz bir müharibəni dayandırdıqda sizə Nobel mükafatı verirlər. Mən isə 8 müharibəni dayandırmışam. Onlar mükafata BMT-dən olan liberalı layiq gördülər. Bununla belə, onu təbrik edirəm. Mükafata mən və ABŞ layiq görülməli idi”, – deyə ABŞ Prezidenti qeyd edib.
İlham Əliyev və Paşinyan Trampı Nobelə namizəd göstərmişdi

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampı Nobel Sülh mükafatına birgə namizəd göstəriblər.
Bu təşəbbüs 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair əldə olunan razılaşmalarla əlaqələndirilib. İlham Əliyev həmin vaxt Trampın Cənubi Qafqazda sülhün əldə olunmasındakı rolunu yüksək qiymətləndirərək onun mükafata layiq olduğunu bildirmişdi.
Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, iki ölkə lideri Trampın Nobel Sülh mükafatına namizədliyini birgə irəli sürüblər.
Qeyd edək ki, oktyabrın 9-da 2026-cı il üzrə Nobel Sülh mükafatının laureatı elan olunub. Mükafat Cənubi Afrikalı hüquqşünas və insan hüquqları müdafiəçisi Navanethem “Navi” Pillaya beynəlxalq hüququn və sülhün təşviqinə verdiyi töhfələrə görə təqdim edilib.

