Turistlər köpəkbalıqları ilə eyni sularda üzür

Turistlər köpəkbalıqları ilə eyni sularda üzür

İrlandiya sahillərində nəhəng, lakin zərərsiz köpəkbalıqları turistlərin diqqətini cəlb edir

Dünyanın ən böyük və ən nadir balıq növlərindən sayılan basking shark (nəhəng planktonyeyən köpəkbalığı) hər il İrlandiyanın Mayo qraflığının sahillərinə üz tutur. Bu nəhəng canlılar sahilə o qədər yaxın üzürlər ki, bəzən onları çimərlikdən belə müşahidə etmək mümkün olur.

Vaxtilə bu köpəkbalıqları kütləvi şəkildə ovlanırdı. 1950–1960-cı illərdə Achill adası onların ovlanması və emalı üzrə dünyanın ən böyük mərkəzlərindən biri idi. Bir tona çatan qaraciyərlərindən kosmetika, sürtkü yağları və tibbi məqsədlər üçün yağ alınır, üzgəcləri isə məşhur köpəkbalığı şorbasının hazırlanmasında istifadə edilirdi. Nəticədə növ demək olar ki, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

İrlandiyada son basking shark 1984-cü ildə ovlanıb. Son 40 ildə ölkə sularında onların sayı və müşahidə halları artsa da, növ hələ də qlobal miqyasda təhlükə altındadır və 2018-ci ildə Təbiətin Mühafizəsi Beynəlxalq Birliyinin (IUCN) Qırmızı Siyahısına daxil edilib.

Bu gün İrlandiya bu nəhəng canlıları qorumağa xüsusi önəm verir. 2022-ci ildən etibarən basking shark ölkənin Vəhşi Təbiət Qanunu ilə qorunan yeganə balıq növüdür. Onları ovlamaq, yaralamaq və ya qidalanma, çoxalma ərazilərini narahat etmək qanunla qadağandır.

Turistlər üçün isə bu canlıları təbii mühitdə izləmək unudulmaz təcrübəyə çevrilib. Dəniz turları zamanı qayıqlar köpəkbalıqlarına yaxınlaşmır, mühərrik söndürülür və heyvanların özlərinin yaxınlaşması gözlənilir. Tur operatorları bildirirlər ki, əsas məqsəd heyvanları narahat etmədən onları müşahidə etməkdir.

Achill adasına gələn turist Laura Braun ailəsi ilə birlikdə əvvəlcə köpəkbalığı görə bilməsə də, son gün Keem körfəzində eyni anda altı-səkkiz nəhəng basking shark müşahidə etdiklərini bildirib. Onlar paddleboard ilə suya çıxaraq köpəkbalıqlarının altlarından və ətraflarından sakit şəkildə üzdüklərini izləyiblər.

Turistin sözlərinə görə, bu, həyatında yaşadığı ən sehrli anlardan biri olub. Müəllif isə qeyd edir ki, bu nəhəng, lakin tamamilə zərərsiz canlıları yaxından görmək onların möhtəşəm ölçüsünə, gücünə və gözəlliyinə olan heyranlığını daha da artırıb.

Mənbə: BBC

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir