Türkiyəli jurnalist Toler Medyanın Azərbaycan və Türkiyə münasibətləri ilə bağlı azərbaycanlı qadınla müsahibəsi sosial şəbəkələrdə yayılıb.
Xəbər Yerində xəbər verir ki, müsahibə zamanı jurnalist son dövrlər Azərbaycanla Türkiyə arasında münasibətlərin əvvəlki kimi olmadığını iddia edərək, qadından bununla bağlı fikirlərini soruşub.
Azərbaycanlı qadın isə cavabında Türkiyənin Azərbaycandan heç bir pislik görmədiyini, əksinə, çətin günlərdə hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini bildirib.
O, Prezident İlham Əliyevin yürütdüyü siyasətin ağıllı və düşünülmüş olduğunu vurğulayaraq, Azərbaycanın Türkiyənin daxili işlərinə qarışmadığını qeyd edib.
Qadın hicab məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda hicaba qadağa yoxdur, sadəcə, məktəblərdə azyaşlı uşaqların hicab taxmasına qarşı müəyyən yanaşma mövcuddur. Həmçinin Türkiyədə Quran dərslərinin keçirildiyini xatırladaraq, bu məsələdə yanlış təsəvvürlərin olduğunu ifadə edib.
Müsahibəsində Türkiyənin çətin günlərini də yada salan qadın bildirib ki, yanğınlar zamanı Azərbaycanın Türkiyənin yanında olan ölkələrdən biri olduğunu, zəlzələ baş verəndə də qardaş ölkəyə yardımlarını əsirgəmədiyini vurğulayıb.
O, iki ölkə arasındakı münasibətlərin qiymətləndirilməsində Azərbaycanın Türkiyəyə göstərdiyi dəstəyin də nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.

