“Vefa Esthetic Center”də yoxlama: vaxtı keçmiş və qeydiyyatsız dərmanlar aşkarlanıb

“Vefa Esthetic Center”də yoxlama: vaxtı keçmiş və qeydiyyatsız dərmanlar aşkarlanıb

Bakıda “Vefa Esthetic Center” MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, yoxlama zamanı müəssisənin fəaliyyətində bir sıra qanun pozuntuları müəyyənləşdirilib.

Belə ki, tibb müəssisəsində çalışan bəzi mütəxəssislərin sertifikasiyaya cəlb olunmadığı aşkarlanıb. Xüsusilə, kosmetologiya üzrə həkimin müvafiq sertifikasiya şəhadətnaməsi olmadan praktik tibbi fəaliyyət göstərdiyi müəyyən edilib.

Vaxtı keçmiş dərmanlar tapılıb

Yoxlama zamanı daha bir ciddi pozuntu dərman vasitələri ilə bağlı olub. Müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkarlanıb.

Bundan əlavə, pasiyentlərin tibbi qeydiyyatının müəyyən edilmiş forma və qaydalara uyğun aparılmadığı bildirilib.

Müəssisədə lisenziyada nəzərdə tutulmayan fəaliyyətin həyata keçirildiyi də müəyyənləşdirilib. İşçilərin siyahısına baxış zamanı endokrinoloq vəzifəsi üzrə əmək müqaviləsinin bağlandığı aşkarlanıb.

Müəssisə barəsində protokol tərtib edildi

Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, aşkar edilmiş pozuntularla əlaqədar “Vefa Esthetic Center” MMC barəsində inzibati tənbeh tədbirləri görülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokollar tərtib edilərək aidiyyəti üzrə göndərilib.

Mərkəz bildirib ki, tibbi xidmətlərin keyfiyyətinə və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir