“MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə edilərək saxta fişinq kampaniyası həyata keçirildiyi aşkarlanıb.
Xəbər Yerində xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) monitorinqi nəticəsində məlumat verilib.
Məlumata görə, saxta kampaniya çərçivəsində istifadəçilərə 1 manat qarşılığında 5 GB mobil internet və 80 dəqiqəlik danışıq paketi təklif olunub. Bunun üçün “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən saxta ödəniş səhifələri yaradılıb.
Həmin səhifələrdə istifadəçilərdən kart sahibinin adı və soyadı, kart nömrəsi, son istifadə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatların daxil edilməsi tələb olunub.
MKA-nın apardığı texniki araşdırma zamanı müəyyən edilib ki, daxil edilən məlumatların real ödəniş sisteminə və ya bank şlüzünə ötürülməsini təmin edən mexanizm yoxdur. Əksinə, mənbə kodunda məlumatların üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə göndərilməsinə imkan verən funksiya aşkarlanıb.
Bu isə saxta səhifələrin əsas məqsədinin ödəniş qəbul etmək deyil, istifadəçilərin bank kartı məlumatlarını ələ keçirmək olduğunu göstərir.
Araşdırma zamanı oxşar kampaniyaların “AzərPay” adı ilə yaradılmış saxta hesab və domenlər vasitəsilə də həyata keçirildiyi müəyyənləşib. Eyni zamanda “Ulduz Pay” adı ilə yaradılmış saxta hesabdan da həmin domenlərdən birinə keçid yerləşdirilib.
MKA-nın monitorinqi nəticəsində kampaniya ilə əlaqəli bir sıra digər domenlər də aşkarlanıb.
Mütəxəssislər bu cür kampaniyalarda təqdim olunan şübhəli keçidlərə daxil olmamağı və bank kartı məlumatlarını tanımadıqları saytlarda paylaşmamağı tövsiyə edirlər.

