Azərbaycanlı dənizçilərə mühüm xəbərdarlıq: Müharibə zonalarından uzaq durun
Dövlət Dəniz və Liman Agentliyi xarici sularda çalışan azərbaycanlı dənizçilərə təhlükəsizliklə bağlı müraciət edib.
Agentlik son aylarda müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu bildirib.
Qurum həyatını itirən dənizçilərə Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına isə səbir diləyib.
Agentlik xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzi istiqamətində təhlükəsizlik risklərinin yüksək olduğunu vurğulayaraq dənizçiləri ehtiyatlı olmağa çağırıb.
Müraciətdə bildirilib ki, müharibə və hərbi əməliyyatların davam etdiyi ərazilərə səfərə razılıq verməzdən əvvəl bütün risklər diqqətlə qiymətləndirilməli, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıqları nəzərə alınmalı və imkan daxilində belə marşrutlardan imtina edilməlidir.
Dövlət Dəniz və Liman Agentliyi gəmiçilik şirkətlərinə də çağırış edərək dənizçilərin həyat və sağlamlığını prioritet hesab etməyə, yüksək riskli bölgələrə reyslər zamanı bütün zəruri təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda həmin marşrutlardan istifadə etməməyə çağırıb.
Sonda bütün azərbaycanlı dənizçilərə öz təhlükəsizliklərini və ailələrinin rifahını nəzərə alaraq müharibə zonalarından uzaq durmaları tövsiyə olunub.
Mənbə: Qafqazinfo

