Xəzərdə 173 nərə balığı tələf oldu – Azərbaycana təhlükə var?

Xəzərdə 173 nərə balığı tələf oldu – Azərbaycana təhlükə var?

Qazaxıstan sahillərində Xəzər dənizində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib. Kütləvi tələfat Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təhlükə ilə bağlı suallar yaradıb.

Xəbər Yerində Modern.az-a istinadən xəbər verir ki, Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, hazırda mövcud məlumatlar əsasında hadisənin Azərbaycana birbaşa təsir göstərəcəyini təsdiqləmək mümkün deyil.

Mərkəzdən qeyd olunub ki, Xəzər dənizi vahid su hövzəsi olduğundan onun ekoloji vəziyyətində baş verən dəyişikliklər bütün Xəzəryanı ölkələr üçün əhəmiyyət daşıyır. Xüsusilə suyun keyfiyyətinə, hidrometeoroloji şəraitə və su bioresurslarının yaşayış mühitinə təsir edən amillər diqqətlə izlənilməlidir.

Bununla belə, Qazaxıstan sahillərində baş verən hadisənin Azərbaycanda da analoji vəziyyətə səbəb olacağını söyləmək üçün kifayət qədər məlumat yoxdur. Riskin qiymətləndirilməsi üçün balıqların ölüm səbəbi, suyun hidrokimyəvi göstəriciləri və digər elmi məlumatlar araşdırılmalıdır.

Ölü balıqlar 15 kilometrlik sahil zolağında aşkarlanıb

Hadisə oktyabrın 20-də Qazaxıstanın Manqistau vilayətində qeydə alınıb. Ölü balıqlar “Ömir glamping” istirahət zonası ərazisindən Pesaçnı burnu istiqamətinə və Kurık limanına qədər uzanan, təxminən 15 kilometr uzunluğunda sahil zolağında aşkarlanıb.

Məlumata görə, balıq cəsədləri müxtəlif parçalanma mərhələlərində olub. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib, cəsədlərin toplanması, daşınması və utilizasiyası istiqamətində tədbirlərə başlanılıb.

Balıqların ölüm səbəbi niyə müəyyənləşdirilməyib?

Qazaxıstanın müvafiq qurumlarının açıqlamalarına görə, balıqların uzun müddət əvvəl tələf olması və cəsədlərin təbii quruma mərhələsində olması səbəbindən histoloji və toksikoloji təhlillər üçün yumşaq toxuma nümunələri götürmək mümkün olmayıb.

Vizual müayinə zamanı balıqların bədənində balıqçılıq torlarının izləri və qarmaqla ovlanmaya xas dəliklər aşkarlanmayıb. Güclü qərb küləyinin balıq cəsədlərini sahilə çıxarmış ola biləcəyi də ehtimallar arasında göstərilib.

Hadisənin səbəbi ilə bağlı yekun nəticə olmadığından balıqların tələfatını konkret amillə əlaqələndirmək hələlik mümkün deyil. Azərbaycana mümkün təsirlərlə bağlı dəqiq qiymətləndirmə üçün əlavə elmi araşdırmaların nəticələri vacibdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir