Yasamalda gecə saatlarında tikinti səs-küyü: Sakinlər narazıdır-VİDEO

Yasamalda gecə saatlarında tikinti səs-küyü: Sakinlər narazıdır-VİDEO

Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yeni binaların tikintisi gecə saatlarında da davam etdirilir.

Tikinti ərazisində kranlar, betonqarışdıran maşınlar və digər ağır texnikaların gecə saatlarında işləməsi ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlər bildirirlər ki, tikinti işlərindən yaranan səs-küy səhər saatlarına qədər davam edir və bu, onların istirahətinə mane olur.

“Camaat evinə gəlib dincələ bilmir. Evdə xəstəmiz də var, körpəmiz də var. Hər şeyin iş vaxtı var. İş saatından sonra heç kim heç kimi narahat edə bilməz”, – sakinlərdən biri deyib.

“10 ildən çoxdur tikinti gedir”

Vətəndaşların sözlərinə görə, Əsəd Əhmədov küçəsində 10 ildən artıqdır yeni binaların tikintisi aparılır. Bir binanın inşası başa çatmamış digər tikintiyə başlanılması və xüsusilə gecə saatlarında ağır texnikaların işləməsi sakinlərin narahatlığını artırır.

Sakinlər tikinti şirkətlərindən gecə saatlarında səs-küyün qarşısının alınmasını və onların rahatlığının nəzərə alınmasını istəyirlər.

Şirkət gecə işlərinin səbəbini açıqladı

Məsələ ilə bağlı tikintini həyata keçirən ER Residence şirkəti ilə əlaqə saxlanılıb.

Şirkətdən bildirilib ki, sakinlərin narazılığına səbəb olan hallar müəyyən məcburiyyətlərdən irəli gəlir.

Qeyd olunub ki, kütləsi yüklə birlikdə 8 tondan artıq olan iri tonnajlı yük avtomobillərinin axşam saat 22:00-dan səhər saat 07:00-dək Bakı şəhərinə girişinə və şəhərdaxili hərəkətinə icazə verilir.

Bu qaydalara əsasən, həmin saatlarda paytaxta daxil olan yük avtomobilləri səhər saat 07:00-dək şəhər ərazisini tərk etməlidir.

Şirkətdən bildirilib ki, bu məhdudiyyətlər nəzərə alınaraq beton işlərinin görüldüyü günlərdə iş saatları uzadılır və işlər səhər saatlarına qədər davam edə bilir.

Şirkət həmçinin sakinlərin narazılığına səbəb olacaq halların yaşanmaması üçün bütün imkanların səfərbər edildiyini bildirib.

Bununla yanaşı, qeyd olunub ki, binanın vaxtında tikilərək təhvil verilməsi üçün bu işlərin aparılması zəruridir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir