Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yerləşən “Wildberries” şirkətinin logistika mərkəzində dron hücumu nəticəsində yanğın baş verib.
Xeberyerinde-nin əldə etdiyi məlumata görə, hadisə ilə bağlı şirkətin mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, yanğınsöndürmə briqadaları hazırda hadisə yerində işləyir və alovun söndürülməsi istiqamətində tədbirlər görülür.
Şirkətin açıqlamasında qeyd olunub ki, təhlükəsizlik məqsədilə logistika mərkəzində olan əməkdaşlar əvvəlcədən təxliyə edilib. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Rusiya KİV-lərinin məlumatına görə, hücum zamanı anbar binasında bir neçə partlayış səsi eşidilib, bundan sonra obyektin dam hissəsində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanları cəlb olunub.
Hələlik dron hücumunun miqyası, dəymiş ziyanın həcmi və logistika mərkəzinin fəaliyyətinə təsiri barədə rəsmi məlumat açıqlanmayıb. Hücumun kim tərəfindən həyata keçirildiyi də məlum deyil.
Son aylarda Rusiyanın müxtəlif bölgələrində sənaye və logistika obyektlərinə pilotsuz uçuş aparatları ilə hücumların sayı artıb. Bu səbəbdən bir sıra müəssisələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.

