“Real TV”də yayımlanan “Mir Şahinin Vaxtı” proqramının bugünkü buraxılışında Zəfər Muzeyinin memarı və dizayneri Françesko Cordana ilə eksklüziv müsahibə təqdim olunub.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, müsahibə zamanı memar Zəfər Muzeyinin konsepsiyası, layihədə istifadə olunan simvollar və kompleksin memarlıq xüsusiyyətləri barədə danışıb.
Françesko Cordana bildirib ki, layihənin hazırlanması yalnız şəhərsalma və memarlıq baxımından deyil, həm də tarixi və rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyıb.
44 elementli tağ və “Həyat ağacı”
Memar kompleksdə 44 günlük Vətən müharibəsini simvolizə edən 44 elementdən ibarət tağın, “Həyat ağacı”nın və şəhidlərin adlarının yerləşdirildiyi memorial hissənin xüsusi məna daşıdığını qeyd edib.
O, həmçinin parkın landşaft həlli və layihənin texniki-memarlıq xüsusiyyətlərini izah edib.
“Bu layihə əlamətdar, xüsusi bir işdir. Lakin onun dəyəri təkcə şəhərsalma və memarlıq baxımdan deyil, tarixi və rəmzi xarakter daşıyır.
Biz şəhərin bir hissəsinin transformasiyasını təsəvvür etməli idik. Eyni zamanda, bir şəhər simvolu yaratmalı idik. Bununla yanaşı, bütün bir ölkənin tarixini və mədəniyyətini, eləcə də cəmiyyətin ortaq hisslərini şərh edib əks etdirməli idik”, – deyə Cordana bildirib.
Memar vurğulayıb ki, muzeydəki forma və konturların hər biri müəyyən mesaj ifadə edir:
“Bu muzeydə bütün forma və konturlar müəyyən bir ismarıcı ifadə edir. Həmin ismarıcı kəşf etməyi sizin ixtiyarınıza buraxıram”.

