Zəfər tariximizi ekranlara gətirən “44” filmi təqdim olundu – FOTO

Zəfər tariximizi ekranlara gətirən “44” filmi təqdim olundu – FOTO

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunan “44” bədii filminin təqdimatı keçirilib.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, filmin yaradıcı heyəti və aktyorlar iştirak ediblər.

Filmin nümayişindən əvvəl ekran əsərində rol alan aktyorlar və tədbirə qatılan qonaqlar jurnalistlərə açıqlamalar verərək layihənin əhəmiyyətindən danışıblar.

Türkay Cəfərli: “Çoxdandır bu ağırlıqda film çəkilməmişdi”

Aktyor Türkay Cəfərli filmdə komandirlərdən birini canlandırdığını bildirib. O, layihənin mövzusunun və üzərinə düşən məsuliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Aktyorun sözlərinə görə, uzun müddətdir Azərbaycan kinosunda bu miqyasda və məzmunda ekran əsəri ərsəyə gətirilməyib. O, filmin Qarabağ həqiqətlərinin və müharibə dövründə yaşananların tamaşaçılara çatdırılmasına töhfə verəcəyinə ümid etdiyini deyib.

Cəfərli hər bir şəhidin və qazinin həyatının ayrıca bir film mövzusu olduğunu qeyd edərək ekran əsərinin tamaşaçıların qəlbinə yol tapacağına inandığını bildirib.

Aydan Axundova: “Çox məsuliyyətli bir işdir”

Filmdə baş qəhrəmanı canlandıran İbrahim Çingizin həyat yoldaşı, aktrisa Aydan Axundova da təqdimatda iştirak edib.

O, çəkilişlər zamanı həyat yoldaşının uzun müddət ailəsindən uzaqda qaldığını bildirib. Axundova layihənin çətin və zəhmətli olmaqla yanaşı, böyük qürur hissi yaratdığını deyib.

Aktrisa filmi izləmək üçün həyəcanlı olduğunu və ekran əsərinin çox məsuliyyətli bir iş olduğunu vurğulayıb.

İbrahim Çingizin atası, Əməkdar artist Çingiz Əhmədov isə belə filmlərin davamlı çəkilməsini arzuladığını bildirib. O, oğluyla qürur duyduğunu və filmin çəkilişlərinin işğaldan azad edilmiş ərazilərdə aparılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Mahir Dərviş canlandırdığı obrazla bağlı danışdı

Filmdə erməni obrazını canlandıran aktyor Mahir Dərviş layihədə iştirak etməkdən məmnunluğunu ifadə edib.

Aktyor əvvəlcə düşmən obrazını canlandırmaqla bağlı tərəddüd yaşadığını, lakin sonradan bu qərara gəldiyini bildirib. O, tamaşaçıların filmi izlədikdən sonra canlandırdığı obraza qəzəblənməsini uğurlu aktyor ifasının göstəricisi hesab edəcəyini deyib.

Dərvişin fikrincə, film Azərbaycanın Zəfərə gedən yolunu ətraflı şəkildə təqdim etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Nurəddin Mehdixanlı: “Bu film milli yaddaş xəzinəsidir”

Xalq artisti Nurəddin Mehdixanlı ekran əsərinin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, 44 günlük müharibə yalnız Azərbaycan torpaqlarını işğal altında saxlayanlar üçün deyil, onları müdafiə edənlər üçün də ciddi dərs olub.

Mehdixanlının sözlərinə görə, müharibənin bədii formada təqdim edilməsi böyük hadisədir və belə əsərlər milli yaddaşın qorunmasına xidmət edir.

O, xalqın tarixini unutmamasının vacibliyini vurğulayaraq tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

Baba Vəziroğlu Zəfər mövzusunda əsərlərin yaranmasından danışdı

Yazıçı və şair Baba Vəziroğlu Zəfərdən sonra bu tarixi hadisələri əks etdirən sanballı əsərlərin yaranması üçün zamana ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, müharibə və qələbə kimi böyük hadisələrin dərhal kitab, roman və ya film şəklində yüksək səviyyədə təqdim edilməsi həmişə mümkün olmur. Vəziroğlu bu cür əsərlərin müəyyən müddət keçdikdən sonra ərsəyə gəlməsinin təbii proses olduğunu qeyd edib.

Təqdimatda musiqi proqramı və sənədli xronika nümayiş etdirildi

Filmin təqdimatından əvvəl çəkiliş prosesinə dair statistik məlumatları əks etdirən videoçarx göstərilib.

Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında filmin saundtreki səsləndirilib.

Musiqi proqramı Azərbaycanın Zəfərə aparan yolunu, ərazi bütövlüyü uğrunda mübarizəsini və tarixi hadisələri əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Ümummilli Lider Heydər Əliyevin torpaqların azadlığına yönəlmiş siyasətini və bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videomateriallar təqdim edilib.

Proqramdan sonra “44” bədii filmi nümayiş olunub.

Şəhid anaları filmdən təsirləndiklərini bildiriblər

Filmin nümayişindən sonra qonaqlar və yaradıcı heyət üzvləri ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Şəhid Müşfiq Orucovun anası Aygün Məmmədli filmin təqdimatının onda güclü emosiyalar yaratdığını bildirib. O, övladının Azərbaycanın qələbəsinə verdiyi töhfə ilə qürur duyduğunu deyib.

Şəhid Əbulhəsən Eyvazovun anası Mətanət xanım isə filmdə oğlunun keçdiyi yolları izləməyin onun üçün həm qürurverici, həm də duyğulu anlar yaşatdığını qeyd edib. Onu xüsusilə qəhrəmanın cibindən şəkilləri çıxardığı səhnə təsirləndirib.

Polad Bülbüloğlu: “Son 15-20 ildə belə böyük əsər yaranmayıb”

Deputat Polad Bülbüloğlu “44” filminin Azərbaycan kinosu üçün əhəmiyyətini yüksək qiymətləndirib.

O, ekran əsərinin real faktlara əsaslandığını, eyni zamanda bədii baxımdan yüksək səviyyədə hazırlandığını bildirib. Bülbüloğlu aktyorların ifasını, səs tərtibatını və musiqini filmin uğurlu komponentləri kimi dəyərləndirib.

Deputat xüsusilə Şuşa uğrunda döyüşləri əks etdirən səhnələrin onu kövrəltdiyini deyib. O, filmin Azərbaycan xalqının qələbəsini əks etdirən tariximizin bir parçası olduğunu vurğulayıb.

Qulu Məhərrəmli filmin operator işini xüsusi qeyd edib

Əməkdar jurnalist Qulu Məhərrəmli “44” filminin bədii keyfiyyətlərini, operator işini və müharibə səhnələrinin realist təsvirini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, müharibə mövzusunda çəkilən filmlərdə bəzən publisistik yanaşma və şüarçılıq üstünlük təşkil edir. Lakin “44” filmində bədii detallar və kino sənətinə xas elementlər dərindən işlənib.

Məhərrəmli filmdə müharibə zamanı yaşanan hadisələrin nəzərə alındığını, eyni zamanda güclü bədii səhnələrin yaradıldığını bildirib. O, çətin şəraitdə çəkilən səhnələrdə operator işinin xüsusilə fərqləndiyini qeyd edib.

Jurnalist qarşı tərəfin filmdə zəif və bacarıqsız göstərilməməsini də müsbət məqam kimi dəyərləndirib. Onun fikrincə, bu yanaşma ekran əsərində hadisələrin daha inandırıcı təqdim olunmasına imkan verib.

Film oktyabrın 15-dən kinoteatrlarda olacaq

Qeyd edək ki, “44” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Ekran əsəri Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlığını, hərbçilərin fədakarlığını və torpaqların azadlığı uğrunda mübarizəni əks etdirir.

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri isə Orman Əliyevdir.

“44” bədii filmi oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir