“Xəbər Yerində” xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibləri müəyyənləşib.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, müsabiqənin qalibi 124 özəl məktəbəqədər təhsil müəssisəsi olub.
Siyahıda qalib bağçaların adları və ünvanları ilə yanaşı, onların qəbul planı, dövlət tərəfindən göstəriləcək aylıq maliyyə dəstəyinin məbləği və valideynlərin ödəyəcəyi aylıq məbləğ də açıqlanıb.
Növbəti mərhələdə dövlət dəstəyi hesabına özəl bağçalarda uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili həyata keçiriləcək. Həmçinin maliyyələşmə müqavilələrinə uyğun olaraq müəssisələrin fəaliyyətinə monitorinq aparılacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsini artırmaq, valideynlərin seçim imkanlarını genişləndirmək və dövlət-özəl əməkdaşlığını inkişaf etdirməkdir.

