Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xeber Yerinde “Report”a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramı çərçivəsində indiyədək qeyd olunan kateqoriyalara aid vətəndaşlara ümumilikdə 16 mindən çox mənzil təqdim olunub.
Nazir müavini bildirib ki, proqramın davamı olaraq Naxçıvanda keçirilən tədbirdə daha 68 mənzil sahiblərinə təqdim edilib.
H.Abdullayev şəhid ailələri və müharibə iştirakçıları üçün digər sosial dəstək tədbirlərinin də davam etdirildiyini qeyd edib.
Bildirilib ki, bu istiqamətdə vətəndaşların yüksək texnologiyalı protezlərlə və avtomobillərlə təmin olunması, həmçinin reabilitasiya xidmətlərinə cəlb edilməsi üzrə işlər görülür.
Nazir müavini əlavə edib ki, proqram çərçivəsində artıq 7300-dən çox vətəndaş avtomobillə təmin olunub.

