Xeberyerinde xəbər verir ki, Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı Fərman imzalayıb.
Yeni qaydalara əsasən, 16 yaşı tamam olmayan şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.
Qanuna görə, 16-18 yaşlı istifadəçilər yalnız qanuni nümayəndələrinin razılığı ilə hesab aça biləcəklər. Valideynlər övladlarının platformadan istifadə müddətini, qarşılarına çıxan məzmunu və reklamları idarə etmək imkanına malik olacaqlar.
Bundan əlavə, qanun qüvvəyə mindikdən sonra provayderlər 16 yaşdan aşağı istifadəçilərə məxsus mövcud hesabları məhdudlaşdırmalı, yaş təsdiqlənmədiyi halda isə həmin hesabları və onlara aid məlumatları silməlidirlər.
Qeyd edək ki, yeni tələblər qanunun dərc edildiyi tarixdən 12 ay sonra qüvvəyə minəcək.

