Azərbaycanda 17 yaşlı yeniyetmənin istəyi xaricində evləndirilməyə çalışıldığı iddia olunur.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.
Toy sentyabrın 20-nə planlaşdırılıb
K.Ağazadənin sözlərinə görə, 17 yaşlı qızın toy mərasiminin sentyabrın 20-də keçirilməsi nəzərdə tutulub. Lakin yeniyetmə bu nikaha razı olmadığından sığınacağa getmək qərarına gəlib.
Birlik sədri toyun artıq baş tutmayacağını bildirib.
Qız taksi ilə sığınacağa gedib
Məlumata əsasən, qızın valideynləri cehiz alış-verişi üçün “Sədərək” Ticarət Mərkəzinə gediblər.
Ailə üzvlərinin evdə olmadığı vaxt yeniyetmə taksi saxladaraq sürücüdən onu Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparmasını istəyib.
K.Ağazadənin paylaşımında qızın sürücüyə pulunun olmadığını və sığınacaqda ödəniş ediləcəyini söylədiyi qeyd olunub.
Hadisənin digər detalları açıqlanmayıb
Birlik sədrinin paylaşımında yeniyetmənin sığınacağa yerləşdirilməsindən sonrakı proses və hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Məsələ ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.

