18 min nəfəri əhatə edən “Farmaniya.com” işi: Zərərçəkənlərdən etiraz

18 min nəfəri əhatə edən “Farmaniya.com” işi: Zərərçəkənlərdən etiraz

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, “Farmaniya.com” onlayn piramidasının idarəetmə panelinin admini Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı barədə yayılan məlumatlar zərərçəkənlərin narazılığına səbəb olub.

Musavat.com-a müraciət edən zərərçəkənlər bildiriblər ki, onlar Quliyevin cəzasının ağırlaşdırılmasını tələb etdikləri halda, müxtəlif mənbələrdən onun cəzasının yüngülləşdiriləcəyi və hətta vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatlar alırlar.

Onların sözlərinə görə, yüzlərlə vətəndaşın pul itirdiyi iddia olunan iş üzrə belə bir qərarın mümkünlüyü ciddi narazılıq yaradıb.

Məhkəmə 4 il həbs cəzası verib

Xatırladaq ki, Hüseyn Quliyev barəsində bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.

Hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə heyəti Quliyevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın külli miqdarda leqallaşdırılması – üzrə ittihama bəraətverici əsaslarla xitam verib.

Məhkəmənin yekun qərarı ilə Hüseyn Quliyev Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi – dələduzluğun təkrar törədilməsi və 244-1.2.2-ci maddəsi – qumar oyunlarının virtual formada, internet və ya digər elektron vasitələrdən istifadə edilməklə təşkili və ya keçirilməsi – üzrə təqsirli bilinib.

Ona ümumilikdə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Dövlət ittihamçısı isə məhkəmədə Hüseyn Quliyev üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Platformada 18 mindən çox şəxs qeydiyyatdan keçib

“Farmaniya.com” işi 2025-ci ilin sentyabrında geniş ictimai rezonans doğurub. Həmin vaxt sosial şəbəkələrdə “investisiya layihəsi” kimi təqdim edilən platformanın onlayn piramida sxemi ilə fəaliyyət göstərməsi və vətəndaşların vəsaitlərinin mənimsənilməsi ilə bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində platformanın idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.

İstintaq materiallarına əsasən, Quliyev sosial şəbəkələrdə özünü videobloger kimi təqdim edib və “Farmaniya.com” saytını rəsmi investisiya layihəsi kimi reklam edib. O, istifadəçilərə yatırdıqları vəsait qarşılığında yüksək gəlir əldə edəcəklərini vəd etməklə onların etimadını qazanıb.

Araşdırmalar nəticəsində 18 mindən çox şəxsin platformada qeydiyyatdan keçdiyi, təxminən 400 min manat vəsaitin isə dələduzluq yolu ilə mənimsənildiyi müəyyən edilib.

Bank kartlarına 700 mindən çox vəsait daxil olub

İstintaq zamanı Hüseyn Quliyevin vətəndaşların vəsaitlərini əldə etmək üçün tanışı, 22 yaşlı Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə etdiyi də müəyyənləşdirilib.

Bildirilir ki, Əhmədova bu fəaliyyət müqabilində dələduzluq yolu ilə əldə olunan vəsaitdən maddi gəlir götürüb və sonradan cinayət məsuliyyətinə cəlb olunub.

Araşdırmalar zamanı saxlanılan şəxslərin istifadə etdiyi bank kartlarına ümumilikdə 700 min manatdan artıq vəsaitin daxil olduğu aşkarlanıb.

Hazırda zərərçəkənlərin əsas tələbi Hüseyn Quliyevin cəzasının ağırlaşdırılmasıdır. Onlar 4 illik həbs cəzasının əməlin və dəymiş ziyanın miqyasına uyğun olmadığını düşünürlər.

Zərərçəkənlər bildirirlər ki, hökmün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını gözlədikləri halda, Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatların yayılması onlarda əlavə suallar yaradıb.

Qeyd edək ki, Hüseyn Quliyev “Zevs” ləqəbi ilə tanınan videobloger Ruslan Quliyevin qardaşıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir