Xəbər Yerində xəbər verir ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə edilməklə törədilən kiberdələduzluq hallarına qarşı əməliyyat keçirib.
Əməliyyat nəticəsində xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlaqədə olmaqda şübhəli bilinən 8 nəfər – Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.
2 mindən çox kart və nömrə aşkarlanıb
Araşdırmalar zamanı saxlanılan şəxslərin xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq yerli mobil operatorlara məxsus elektron nömrələri, bank kartlarını və digər məlumatları onlara ötürdükləri müəyyənləşdirilib.
Əməliyyat zamanı qanunsuz yolla əldə edilmiş 2 mindən çox bank kartı və elektron mobil nömrənin kibercinayət əməllərində istifadə üçün həmin qruplaşmalara yönləndirildiyi aşkarlanıb.
Müəyyən edilib ki, kart və mobil nömrələrin bir qismi qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı da istifadə olunub.
Araşdırma davam edir
Hazırda saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində də tədbirlər görülür.
DİN vətəndaşlara bank rekvizitlərini və mobil nömrələri üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması məqsədilə təqdim etməmələri barədə xəbərdarlıq edib.
Nazirlik şübhəli pul köçürmələri, SMS-lər və ya bank kartı məlumatlarının ödəniş müqabilində təqdim edilməsi ilə bağlı hallarla rastlaşan şəxslərə dərhal polisə məlumat verməyi tövsiyə edib.

