Kürdəmir sakinləri uzun illər əvvəl aldıqları torpaq sahələrinin başqa şəxsin adına rəsmiləşdirildiyini iddia edirlər.
Sakinlərin sözlərinə görə, təxminən 20 il əvvəl həmin vaxt inzibati olaraq Şamaxı rayonuna aid olan ərazidən torpaq alaraq ev tikiblər. Onların iddiasına əsasən, sonradan həmin torpaq sahələri başqa bir şəxsə satılıb və bu barədə illər sonra məlumat əldə ediblər. Hazırda ərazidə yaşayan 65 ailənin evsiz qalmaq təhlükəsi ilə üzləşdiyi bildirilir.
Sakinlər qeyd edirlər ki, torpaqları pul qarşılığında alıblar. Lakin o dövrdə dövlət qeydiyyatı və çıxarış sistemi tətbiq olunmadığından əllərində yalnız əllə yazılmış alqı-satqı sənədləri var. Onların sözlərinə görə, artıq ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq da edilib.
Torpağın yeni sahibi kimi təqdim olunan Elxan Həsənzadə isə məsələ ilə bağlı məhkəmə qərarının olduğunu və həmin qərarın icrasını tələb etdiyini bildirib.
Şamaxı rayon Nağaraxana bələdiyyəsindən verilən məlumata görə, sözügedən torpaq sahələri vaxtilə aqrar islahat çərçivəsində kənd sakinlərinə pay torpağı kimi verilib. Sonradan isə ərazinin Kürdəmir sakinləri tərəfindən zəbt olunduğu iddia edilir. Bildirilib ki, məsələ mülki mübahisə xarakteri daşıdığından tərəflərə məhkəməyə müraciət etmələri tövsiyə olunub.

