“Tanrının Zirehi: Ultimatum” filminin beynəlxalq yaradıcı heyəti Bakıda çəkilişlərin növbəti mərhələsinə start verib.
Xeber yerinde Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat yayıb.
Filmin süjeti
Filmdə hadisələr “Asiya şahini”nin yeni missiyası ətrafında cərəyan edir. Baş qəhrəman uğrunda 20 milyon dollardan artıq mükafat təyin olunan qədim Tumar artefaktını tapmağa çalışır.
Layihənin çəkilişləri bir neçə ölkənin ərazisində həyata keçirilir. Ekran əsərinin hazırlanmasına müxtəlif ölkələrdən aktyorlar və kino mütəxəssisləri cəlb olunub. Qeyd edilir ki, layihə çərçivəsində ilk dəfə Qazaxıstan və Çin kino komandaları birgə çalışır.
Ceki Çan “Asiya şahini” obrazında
“Tanrının Zirehi: Ultimatum” artıq kult statusu qazanmış “Tanrının Zirehi” franşizasının dördüncü filmidir. Baş rolu məşhur aktyor Ceki Çan canlandırır. O, yenidən əfsanəvi macəraçı “Asiya şahini” obrazında tamaşaçı qarşısına çıxacaq.
Filmin bədii konsepsiyasına uyğun olaraq Bakı əsas çəkiliş məkanlarından biri seçilib. Süjetə əsasən, hekayənin yeni hissəsi Xəzər dənizi ətrafında cərəyan edir. Bu səbəbdən çəkilişlərin növbəti mərhələsi Azərbaycanda təşkil olunub.
Filmin bir sıra mühüm səhnələri Bakının müxtəlif məkanlarında lentə alınacaq. Bu çəkilişlər Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır. Belə ki, aktyor karyerasında ilk dəfə Azərbaycanda filmə çəkilir.
100-dən çox yerli mütəxəssis prosesə cəlb olunub
Çəkiliş qrupunun Azərbaycana səfərinin və ölkə ərazisində istehsal prosesinin təşkilinə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi dəstək göstərir.
Filmin hazırlanmasında müxtəlif kino sahələri üzrə 100-dən çox yerli mütəxəssis iştirak edir.
“Tanrının Zirehi: Ultimatum” filminin çəkilişlərinin 2026-cı ilin payızınadək davam etməsi, ekran əsərinin premyerasının isə 2027-ci ildə baş tutması planlaşdırılır.
Mənbə:Report



