Rusiyanın Yekaterinburq şəhərində 720 min manat dəyərində olduğu bildirilən “Lamborghini Aventador SVJ” markalı avtomobil qəzaya düşüb.
Xeber Yerində xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Məlumata görə, qəza “Rus Mis Şirkəti”nin rəhbəri, “Forbes” siyahısında yer alan milyarder İqor Altuşkinə məxsus avtomobillə baş verib. Lüks avtomobili həmin vaxt biznesmenin 20 yaşlı oğlu David Altuşkin idarə edib.
İlkin məlumata əsasən, hadisə Otradnaya küçəsində baş verib. Gənc sürücü idarəetməni itirib və nəticədə avtomobil mağazanın fasadına çırpılıb.
Qəza nəticəsində yaralananlardan biri 23 yaşlı Timur Xəlilovdur. Bildirilir ki, o, Rusiya-Ukrayna müharibəsinin veteranıdır və hadisə zamanı qoltuq ağaclarından istifadə edərək hərəkət edirmiş.
Yerli mediada Xəlilovun daha əvvəl adam oğurluğu ittihamı ilə saxlanıldığı barədə də məlumat yayılıb.
Hadisədən sonra ciddi zədələnən lüks avtomobilin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo






