Danimarkanın Orhus şəhərində parkda quraşdırılan Rusiya Prezidenti Vladimir Putinin büstü yerləşdirildikdən cəmi bir neçə saat sonra vandalizmə məruz qalıb.
Xeber Yerinde xəbər verir ki, bu barədə Danimarkanın TV2 telekanalı məlumat yayıb.
Məlumata görə, Putinin büstü yerli Radio4 radiostansiyasının təşviqat kampaniyası çərçivəsində parkda ucaldılıb. Lakin Orhus bələdiyyəsinin əməkdaşı bir neçə saat sonra büstün baş hissəsinin postamentdən götürüldüyünü aşkar edib.
Hadisədən sonra postament və heykəlin qalan hissəsi radiostansiyanın əməkdaşlarına təhvil verilib. Radio4 büstün itkin düşən baş hissəsini tapmağa çalışdığını açıqlayıb.
Qeyd edək ki, radiostansiya daha əvvəl qeyri-adi təşviqat kampaniyası həyata keçirərək Danimarkaya məşhur və nüfuzlu şəxslərin beş büstünü təqdim edib.
Layihə çərçivəsində Vladimir Putinlə yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu, Danimarkanın Baş naziri Mette Frederiksen, televiziya aparıcısı Kim Kardaşyan və sahibkar İlon Maskın da büstləri hazırlanıb.
Putinin büstünün qısa müddət ərzində vandalizmə məruz qalması isə layihənin ən diqqətçəkən hadisələrindən birinə çevrilib.

