İndoneziyanın Yava dənizində sərnişin gəmisində fövqəladə vəziyyət yaşanıb.
Xəbər Yerində xəbər verir ki, “Virgo Transport 8” adlı gəmi Surabayadan Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə doğru hərəkət edərkən əlverişsiz hava şəraiti ilə üzləşib.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin (Basarnas) məlumatına görə, gəmidə sərnişin və heyət daxil olmaqla 243 nəfər olub. Gəmi ilə əlaqə sentyabrın 13-ü gecə saatlarında kəsilib.
Hadisə ilə bağlı genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Son məlumata əsasən, 103 nəfər gəmidən təxliyə edilərək xilas olunub. Onlardan biri həyatını itirib.
Hazırda digər sərnişin və heyət üzvlərinin axtarışı davam etdirilir. İlkin məlumatlara görə, 140 nəfərin taleyi hələlik məlum deyil.
Məlumata görə, gəminin son mövqeyi Banjarmasin limanından təxminən 148 kilometr aralıda qeydə alınıb. Xilasetmə qrupları bölgəyə xüsusi texnika və gəmilər cəlb edib.
Mənbə: Reuters

