Rusiyada təcrübəsiz sürücülərə güclü avtomobil qadağası təklif edilir
Rusiyada üç ildən az sürücülük təcrübəsi olan şəxslərin 150 at gücündən çox mühərrik gücünə malik avtomobilləri idarə etməsi qadağan oluna bilər.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, bu təşəbbüslə Milli Avtomobil İttifaqının rəhbəri Anton Şaparin çıxış edib. O, təkliflə bağlı Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ünvanlayıb.
Bildirilib ki, Rusiyada qeydə alınan yol-nəqliyyat hadisələrinin təxminən üçdə biri təcrübəsiz sürücülərin iştirakı ilə baş verir. Onların ehtiyatsız davranışları bəzən ölüm halları ilə nəticələnən ağır qəzalara səbəb olur.
Bundan əlavə, sürücülük məktəblərini bitirənlərin yarıdan azı nəzəri imtahanı ilk cəhddə uğurla verə bilir.
Təklifə əsasən, sürücülük təcrübəsi üç ildən az olan şəxslərə mühərrik gücü 150 at qüvvəsini aşan avtomobilləri idarə etmək qadağan edilə bilər. Qaydanı pozan şəxslər 5 min rubldan 15 min rubladək cərimələnə bilərlər.
Anton Şaparin bildirib ki, az təcrübəsi olan sürücülər bəzən yüksək sürətlə hərəkətin təhlükələrini və mümkün nəticələrini düzgün qiymətləndirə bilmirlər. Onlar hətta avtomobilin yüksək sürətlə hərəkət etdiyini belə hiss etməyə bilərlər.
Təşəbbüs müəllifi, həmçinin sosial şəbəkələrdə təhlükəli sürücülük hərəkətlərini paylaşan və yol hərəkəti qaydalarını mütəmadi pozan şəxslərə qarşı tədbirlərin gücləndirilməsini təklif edib.
Bu məqsədlə sosial şəbəkələrin davamlı monitorinqinin aparılması və qayda pozuntularına yol verən sürücülərin müəyyən edilərək məsuliyyətə cəlb olunması da təkliflər arasındadır.
Qeyd edək ki, bunlar hazırda irəli sürülmüş təşəbbüslərdir. Təkliflərin qanunvericiliyə daxil edilməsi barədə məlumat verilməyib.

