30 həşərata 22,7 min manat ödənildi

30 həşərata 22,7 min manat ödənildi

Azərbaycana 8 ayda 86 milyona yaxın diri həşərat gətirilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Məhsulların ümumi gömrük dəyəri 142,61 min ABŞ dolları, yaxud 242,4 min manat olub.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rəsmi statistikada məlumat verilib.

Diri həşəratlar Azərbaycana Rusiya, Mərakeş, Belçika, Türkiyə və Niderlanddan gətirilib. İdxalın əsas hissəsi Rusiyanın payına düşüb.

Belə ki, hesabat dövründə Rusiyadan Azərbaycana 84 milyon 280 min ədəd diri həşərat idxal olunub. Onların gömrük dəyəri 87,5 min dollar (148,8 min manat) təşkil edib.

Mərakeşdən 976 min ədəd həşərat 29 min dollara (49,3 min manat), Belçikadan isə 642 min 500 ədəd həşərat 5 010 dollara (8,5 min manat) gətirilib.

Türkiyədən idxal edilən həşəratların sayı 3 120 ədəd, ümumi gömrük dəyəri isə 7,75 min dollar (13,2 min manat) olub.

Niderlanddan cəmi 30 ədəd diri həşərat gətirilsə də, onların ümumi gömrük dəyəri 13,36 min dollar (22,7 min manat) təşkil edib. Hesablamalara görə, Niderlanddan idxal olunan bir həşəratın orta gömrük dəyəri təxminən 445,3 dollar, yaxud 757 manat olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir