Bakıda dayənin nəzarətində olan 2 yaşlı uşaq yıxılaraq öldü

Bakıda dayənin nəzarətində olan 2 yaşlı uşaq yıxılaraq öldü

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağın yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb. Azyaşlının yaxınları onun hadisədən əvvəl də xəsarət aldığını iddia edirlər.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, uşağın əmisi Teymur Əliyev “Teleqraf”a açıqlamasında 2024-cü il təvəllüdlü A. İsmayılovun valideynlərinin boşandığını və onun anası ilə yaşadığını bildirib.

Əmisinin sözlərinə görə, uşağın 9 yaşlı bacısı isə atası ilə qalırmış. Anası işlədiyi üçün körpəni dayəyə tapşırır və bunun üçün ayda 250 manat ödəyirmiş. Həmin dayənin A. İsmayılovdan başqa daha dörd uşağa da baxdığı bildirilir.

Teymur Əliyev iddia edib ki, hadisədən əvvəl də uşağın üzündə xəsarət olub. Onun sözlərinə görə, anası ötən həftə dayənin uşağın yıxıldığını bildirərək xəsarətin fotosunu göndərdiyini deyib.

“Dünən morqda baxdım ki, üzündəki həmin izlər qapqara idi. Dünən ikinci dəfə yıxılaraq başı dəyib, beyninə qan sızıb”, – deyə o bildirib.

Əminin sözlərinə görə, hadisə baş verən kimi dayənin qayınanası azyaşlını xəstəxanaya aparıb.

Teymur Əliyev həmçinin dayənin və ailə üzvlərinin yaşadıqları kirayə evdən getdiklərini, hüquq-mühafizə orqanlarının isə onları axtardığını iddia edib.

Xatırladaq ki, hadisə Sabunçu rayonunun Anaşkin küçəsində baş verib. İlkin məlumatda uşağın anasının mağazaya gedərkən onu müvəqqəti olaraq qonşusuna tapşırdığı, geri qayıtdıqda isə övladının pilləkəndən yıxılaraq öldüyünü gördüyü bildirilirdi. Hadisədən sonra ana ilə qonşusu arasında dava düşdüyü də qeyd olunub.

Azyaşlının ölümünün dəqiq səbəbləri və hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Uşağın yaxınlarının səsləndirdiyi iddialar hələlik rəsmi qaydada təsdiqlənməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir