“Azenco”nun sabiq rəhbərinin məhkəməsi açıq keçiriləcək
3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəmə prosesinin qapalı keçirilməsi barədə qərar dəyişdirilib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə tərəfinin vəsatətini təmin edərək məhkəmə istintaqının bundan sonrakı hissəsinin açıq keçirilməsi barədə qərar qəbul edib.



Vəkil məhkəmənin açıq keçirilməsini istəyib
Təxminən üç ay əvvəl keçirilən ilk məhkəmə iclasında prokuror iş materiallarında kommersiya sirri təşkil edən məlumatların olduğunu əsas gətirərək prosesin qapalı aparılmasını təklif edib. Hakim də bu vəsatəti təmin edib.
Müdafiə tərəfi isə ilk gündən həmin qərarla razılaşmayıb. Əvvəlki iclasda Vüqar Əliyevin vəkili Nurlan Məmmədov məhkəmə prosesinin davamının açıq keçirilməsi ilə bağlı vəsatət qaldırıb.
Vəkil bildirib ki, “Azenco” Açıq Səhmdar Cəmiyyətidir və şirkət fəaliyyəti, eləcə də xərcləri barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verir. O, həmçinin ibtidai istintaqın açıq aparıldığını və cinayət işinin materiallarında istintaq sirri olmadığını qeyd edib.
Müdafiəçi məhkəmənin qapalı keçirilməsi barədə əvvəlki qərarın ləğvini istəyib. Vüqar Əliyev də vəsatəti dəstəkləyərək təmin olunmasını xahiş edib.
İşə baxan hakim Neymət Məmmədov müzakirədən sonra əvvəlki qərarını dəyişdirib və məhkəmə istintaqının davamının açıq keçirilməsinə qərar verib.
Vüqar Əliyev özünü təqsirli bilməyib
Həmin iclasda Vüqar Əliyev irəli sürülən ittihamlarla bağlı hakimin, prokurorun və vəkillərin suallarını cavablandırıb.
O, özünü təqsirli bilmədiyini və şirkətin faktiki sahibi kimi tanınan Etibar Pirverdiyevin qəzəbinə tuş gəldiyini iddia edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, məhz Pirverdiyevin ona qarşı qərəzli münasibəti bu hadisələrin baş verməsinə səbəb olub.
Vüqar Əliyev şirkətə cəmi iki il işlədikdən sonra rəhbər gətirildiyini, vəziyyətin sonradan nə üçün qəfil dəyişdiyini isə bilmədiyini bildirib.
Növbəti prosesdə şirkətin rəhbər və maliyyə direktoru dindiriləcək
Cinayət işi üzrə növbəti məhkəmə iclasında Vüqar Əliyevin sələfi, hazırda “Azenco”nun İdarə Heyətinin sədri olan Pərviz Hacıyev və şirkətin maliyyə direktoru Azər Məmmədəliyevin şahid qismində dindirilməsi nəzərdə tutulur.
Onlardan Vüqar Əliyevin şirkətə rəhbərlik etdiyi dövrdə baş verdiyi iddia olunan qanun pozuntuları ilə bağlı ifadə alınacaq.
Bundan başqa, cinayət işi çərçivəsində Vüqar Əliyevin müxtəlif ünvanlarda yerləşən bir neçə evinin üzərinə həbs qoyulduğu bildirilir. Həmin əmlakların ümumi dəyərinin 3 milyon manatdan çox olduğu qeyd edilir.
Xatırladaq ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bildirilir. Pirverdiyevin vəzifədə olduğu dövrdə şirkət Azərbaycanda iri enerji infrastrukturu layihələrinin, eləcə də dövlət büdcəsi hesabına maliyyələşdirilən digər işlərin icrasında iştirak edib.
Vüqar Əliyev 2022–2023-cü illərdə “Azenco”nun İdarə Heyətinin sədri, daha sonra isə bir müddət Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. O, təxminən bir il əvvəl daxil olan şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

