Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və onun həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, qərar qızına qarşı uzun müddət zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay həbs cəzasına məhkum edilmiş şəxsin cinayət işi üzrə çıxarılıb.
Ali Məhkəmə hadisənin hallarını yenidən qiymətləndirərək qayınatanın əməlini zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi tövsif edib. Nəticədə onun cəzası 1 il 6 aya endirilib. Məhkum cəza müddətini artıq çəkdiyi üçün məhkəmə zalından dərhal azad olunub.
Qızının uzun müddət zorakılığa məruz qaldığı müəyyən edilib
Cinayət işinin materiallarına görə, təqsirləndirilən şəxsin qızı uzun müddət həyat yoldaşı tərəfindən ailə-məişət münasibətləri zəminində fiziki və mənəvi zorakılığa məruz qalıb. Qadına müxtəlif vaxtlarda əl və ayaq zərbələri endirilib, kəsici alətlə xəsarətlər yetirilib. Nəticədə onun sağlamlığına yüngül və az ağır zərər vurulub.
Mərhum həyat yoldaşının müstəqil qərar vermək hüququnu tanımayıb, onun öz icazəsi olmadan hər hansı addım atmasını qəbul etməyib. Qızının davamlı zorakılığa məruz qalması və sərbəst qərar vermək imkanlarının məhdudlaşdırılması atanın kürəkənindən ciddi narazılığına səbəb olub.
2024-cü il yanvarın 18-də qadın yaşadığı evdə əri tərəfindən yenidən döyülüb. O, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və digər xəsarətlər alıb. Zorakılıqdan xilas olmaq istəyən qadın azyaşlı uşağı ilə birlikdə evdən qaçaraq yaxınlıqdakı mağazada gizlənib və atasından kömək istəyib.
Ata qızını və nəvəsini öz evinə aparıb, səhhəti pisləşən qızını isə xəstəxanaya yerləşdirib.
Kürəkən qayınatasına bıçaqla hücum edib
Qadının evdən getməsi ilə barışmayan kürəkən həmin gün qayınatasının yaşadığı evə gəlib. Burada aqressiv davranıb, onu sakitləşdirməyə çalışan şəxslərə qarşı da zorakılıq nümayiş etdirib.
Hadisədən xəbər tutan qayınata xəstəxanadan evə qayıdaraq kürəkənini söhbətə dəvət edib. O, qızına qarşı davamlı zorakılığın və onun evdən getməsinə aqressiv münasibətin səbəblərini aydınlaşdırmağa çalışıb.
Lakin kürəkən qayınatasına kobud cavab verərək qızını döyməsi barədə “yaxşı edirəm, döyürəm” deyib. Ardınca qayınatasına şillə vurub, gödəkcəsində gizlətdiyi mətbəx bıçağını çıxararaq ona hücum edib və baş nahiyəsindən xəsarət yetirib.
Qarşıdurma zamanı kürəkən ilişərək yerə yıxılıb. Bundan istifadə edən qayınata bıçağı onun əlindən alıb. Ancaq kürəkən təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib.
Qayınata əlindəki bıçaqla kürəkəninə dörd xəsarət yetirib. Xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması nəticəsində kürəkən kəskin qanitirmədən ölüb.
Aşağı instansiya məhkəmələri 9 il 6 ay həbs cəzası verib
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə qayınata Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2026-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.
Aşağı instansiya məhkəmələri hesab ediblər ki, qayınata bıçağı kürəkəninin əlindən aldıqdan sonra onun həyatı üçün təhlükə aradan qalxıb. Bu səbəbdən sonradan bıçaqla xəsarətlər yetirilməsi qəsdən adam öldürmə cinayətinin tərkibini yaradıb.
Müdafiə tərəfi isə qayınatanın real hücumdan qorunmaq məqsədilə hərəkət etdiyini bildirib. Bu əsasla əməlin Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə tövsif edilməsi tələbi ilə kassasiya şikayəti verilib.
Ali Məhkəmə hücumun davam etdiyini nəzərə alıb
Ali Məhkəmənin Cinayət kollegiyası aşağı instansiya məhkəmələrinin əməlin hüquqi tövsifi ilə bağlı gəldikləri nəticəni düzgün hesab etməyib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılan iş üzrə qərarda bildirilib ki, zəruri müdafiə hüququ insana özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını ictimai təhlükəli qəsddən qorumaq üçün hücum edənə zərər vurmağa imkan verir. Bu hüquq yalnız hücumdan yayınmaq və ya passiv müqavimət göstərməklə məhdudlaşmır.
Ali Məhkəmə vurğulayıb ki, hücuma məruz qalan şəxsdən hadisənin bütün təfərrüatlarını soyuqqanlılıqla qiymətləndirməsi və müdafiənin sərhədlərini dəqiqliklə müəyyən etməsi tələb oluna bilməz. Zəruri müdafiə vəziyyəti qiymətləndirilərkən hücumun xarakteri və təhlükəlilik dərəcəsi, tərəflərin fiziki imkanları, istifadə olunan vasitələr, hadisənin şəraiti, eləcə də müdafiə olunan şəxsin qorxu, təşviş və həyəcan vəziyyəti nəzərə alınmalıdır.
Kassasiya instansiyası müəyyən edib ki, ilkin ictimai təhlükəli hücumu kürəkən həyata keçirib. O, qayınatasına fiziki zorakılıq göstərib, bıçaqla hücum edərək xəsarət yetirib.
Məhkəmənin qənaətinə görə, qayınatanın bıçağı kürəkəninin əlindən alması hücumun avtomatik olaraq başa çatması demək deyil. Belə ki, kürəkən bıçağı itirdikdən sonra da zorakılıqdan əl çəkməyib, təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib.
Bundan başqa, mərhumun qayınatasından cavan, fiziki cəhətdən daha güclü və cüssəli olması, idmanla məşğul olması da nəzərə alınıb. Onun əlinin üç barmağında aşkar edilən kəsilmiş yaralar isə qarşıdurmanın bıçağa nəzarət uğrunda fiziki mübarizə şəraitində baş verdiyini göstərən sübutlardan biri kimi qiymətləndirilib.
Ali Məhkəmə bildirib ki, ictimai təhlükəli qəsdin başa çatıb-çatmadığı yalnız bıçağın bir şəxsin əlindən digərinə keçməsi ilə müəyyən edilə bilməz. Bunun üçün hadisənin bütün halları birlikdə qiymətləndirilməlidir.
Məhkəmə kollegiyası nəticəyə gəlib ki, qayınata real və davam edən ictimai təhlükəli hücuma məruz qalıb və özünü müdafiə etmək məqsədilə hərəkət edib. Bununla yanaşı, kürəkəninə dörd bıçaq xəsarəti yetirməsi, həmin xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması və ölümün baş verməsi müdafiə tədbirlərinin zəruri həddi aşdığını göstərib.
Əməl qəsdən adam öldürmə maddəsindən zəruri müdafiə həddinin aşılmasına tövsif edilib
Ali Məhkəmə vurğulayıb ki, zəruri müdafiə həddinin aşılması şəxsin ümumiyyətlə hücuma məruz qalmadığını və ya özünü müdafiə etmədiyini göstərmir.
Zəruri müdafiə həddini aşmaqla adam öldürmə ilə adi qəsdən adam öldürmə arasındakı əsas fərq ondan ibarətdir ki, birinci halda şəxs real ictimai təhlükəli qəsddən qorunmaq məqsədilə hərəkət edir, lakin tətbiq etdiyi müdafiə tədbirləri hücumun xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmir.
Məhkəmə hesab edib ki, aşağı instansiyalar hadisənin faktiki hallarını və bu hüquqi fərqi tam nəzərə almadıqları üçün əməlin tövsifində səhvə yol veriblər.
Buna görə də qayınatanın əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə — zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə maddəsinə tövsif edilib.
Cəza 1 il 6 aya endirilib, məhkum azadlığa buraxılıb
Ali Məhkəmə cəza təyin edərkən bir sıra yüngülləşdirici halları nəzərə alıb. Bunlara şəxsin cinayətdən sonra könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlməsi, təqsirini etiraf etməsi, cinayətin açılmasına fəal kömək göstərməsi, əməli zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi və zərərçəkmişin hüquqi varisi ilə barışması daxil edilib.
Cəzanı ağırlaşdıran hər hansı halın olmadığı da müəyyənləşdirilib.
Cinayət Məcəlləsinin 123.1-ci maddəsinin sanksiyası və 60.1-ci maddəsinin tələbləri nəzərə alınaraq məhkuma 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Cəzaçəkmə müddətinin 18 yanvar 2024-cü ildən hesablanması nəzərə alınaraq məhkum cəzasını çəkmiş hesab edilib və məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.

