Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında baş verən 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunan gömrük əməkdaşı Ənvər Tağıyev ev dustaqlığına buraxılıb.
Məlumata görə, Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili olan Tağıyev ilk məhkəmə iclasında həbsdən azad edilib.
Gömrükçü qaçaqmalçılıq hadisəsindən sonra ölkəni tərk edib. O, bir il beynəlxalq axtarışda olduqdan sonra təxminən bir ay əvvəl Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda vəkili onun həbsdə deyil, sərbəst şəkildə mühakimə olunması barədə vəsatət qaldırıb. Müdafiəçi müvəkkilinin istintaqdan yayınma ehtimalının olmadığını əsas gətirib.
Hakim Azər Tağıyevin qərarı ilə Ənvər Tağıyev ev dustaqlığına buraxılıb.


Qaçaqmalçılıq ittihamı
İttihama əsasən, Ənvər Tağıyev Bakı Hövsan Limanının sahibi Ruslan Eyyubov, limanın baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov və digər şəxslərlə əlbir olaraq aksiz markası ilə markalanmalı olan tütün məmulatlarının müvafiq markalar olmadan gəmilərlə limana gətirilərək ölkə ərazisinə keçirilməsinə şərait yaradıb.
Adıçəkilən şəxslərin də başqa cinayət işi üzrə məhkəmə prosesi davam edir. Onlar da bir müddət əvvəl ev dustaqlığına buraxılıblar.
Ənvər Tağıyev özünü təqsirli bilmir
Ənvər Tağıyev isə “Bayandur” gəmisi ilə qaçaqmal siqaretlərin gətirildiyi gün xidmətdə olduğu üçün ittiham olunur. Bildirilir ki, həmin gecə o, baş direktor Rəşad Daşdəmirovun otağına gedərək içində qaçaqmal olan gəminin sahilə yan alması barədə məlumat aldığını deyib.
Lakin Tağıyev ittihamlarla razılaşmayıb və hadisədən xəbərsiz olduğunu bildirib:
“Orada Hövsan limanı və Hövsan gömrük postu var. Gömrük postu limanın rejim ərazisindən kənardır. Mən də postdakı əməliyyatçılardan idim, nə tapşırıq verilibsə, onu yerinə yetirmişəm. “Bayandur” gəmisi və onun yükü barədə isə ümumiyyətlə, məlumatım olmayıb. Hamı kimi bir neçə saat sonra bildim ki, gəmi saxlanılıb”.
Gömrük postundakı boşluqları açıqladı
Təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırarkən Hövsan gömrük postunda ciddi boşluqların olduğunu da etiraf edib. Onun sözlərinə görə, mövcud nöqsanlarla bağlı işlədiyi Baş Gömrük İdarəsinə dəfələrlə məlumat verib:
“Hər dəfə məruzə edirdim ki, Hövsan postunda boşluqlar var. Kameralar yoxdur, təhlükəsizlik zəifdir. Gələcəkdə orada qarşısıalınmaz hadisələr ola biləcəyini demişdim. Amma mən işdən çıxandan sonra verdiyim arayışların hamısını məhvetməyə yollayıblar”.
Bununla da Tağıyev sərbəst ifadəsini yekunlaşdırıb və özünü heç bir epizod üzrə təqsirli bilmədiyini bildirib.
Qeyd edək ki, 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işinin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaq çərçivəsində gömrük əməkdaşları, hərbçilər və vəzifəli şəxslər də daxil olmaqla onlarla şəxs cinayət məsuliyyətinə cəlb edilib. Hələlik işlər üzrə heç bir hökm çıxarılmayıb.

