Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.
Qəza Bakı–Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Kəlbəcər rayon sakini, 60 yaşlı Əli Həsənovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, Salyan rayonunun Kolanı kənd sakini, 65 yaşlı Aydın Allahyarov ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə:Xəzərxəbər

