IV ixtisas qrupu üzrə yüksək nəticə göstərməsinə baxmayaraq, arzuladığı mülki ixtisasa qəbul ola bilməyən abituriyentlər üçün əlavə imkan yaradılıb.
Xəbər Yerində xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkədəki paylaşımında açıqlayıb.
O bildirib ki, xüsusilə tibb ixtisaslarına olan yüksək tələbat səbəbindən bu il IV qrupda ciddi rəqabət müşahidə edilib. Nəticədə 600-dən yuxarı bal toplayan bəzi abituriyentlər belə istədikləri mülki ixtisasa yerləşə bilməyib.
Hərbi tibb üzrə əlavə yerlər
Məleykə Abbaszadənin sözlərinə görə, aidiyyəti hərbi qurumla aparılan müzakirələr nəticəsində hərbi tibb istiqamətində əlavə yerlər ayrılıb.
Yüksək nəticə göstərən və müəyyən edilmiş şərtlərə cavab verən IV qrup abituriyentləri həmin yerlər üçün müraciət edə biləcəklər.
DİM sədri xüsusi olaraq qeyd edib ki, hərbi tibb ixtisasını seçən namizədlərin tibbi müayinədən keçməsi yeni tələb deyil. Bu şərt hərbi tibb üzrə qəbul prosesində əvvəldən tətbiq olunur.
450+ bal toplayanlara da şans verilir
Bundan başqa, hərbi mühəndislik istiqamətində boş qalan yerlər üçün də IV qrup abituriyentlərinə müraciət imkanı yaradılıb.
Belə ki, müəyyən edilmiş tələblərə cavab verən və qəbul imtahanında ən azı 450 bal toplayan namizədlər hərbi mühəndislik proqramları üzrə seçim edə bilərlər.
Abbaszadə bildirib ki, həmin abituriyentlər buraxılış imtahanında riyaziyyat, IV ixtisas qrupu üzrə qəbul imtahanında isə fizika və kimya fənlərindən nəticə əldə ediblər. Bu səbəbdən onların hərbi mühəndislik üzrə zəruri fənn hazırlığını qiymətləndirmək mümkündür.
Qəbul, tibbi müayinə və digər tələblər, eləcə də müraciət proseduru barədə məlumatlar aidiyyəti hərbi qurum tərəfindən açıqlanıb.
DİM sədri vurğulayıb ki, söhbət keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya ayrı-ayrı şəxslərə üstünlük verilməsindən getmir. Əlavə yerlərlə bağlı imkanlar tələblərə cavab verən bütün namizədlər üçün açıqdır.
“Bu, sadəcə tələbə olmaq üçün alternativ yol deyil”
Məleykə Abbaszadə abituriyentlərə seçim edərkən hərbi tibb və hərbi mühəndisliyin xüsusiyyətlərini nəzərə almağı tövsiyə edib.
Onun sözlərinə görə, bu istiqamətləri seçmək yalnız ali təhsil almaq deyil, eyni zamanda gələcəkdə hərbi xidmətlə bağlı öhdəlikləri də qəbul etmək deməkdir.
DİM sədri bildirib ki, gənclər yalnız bu il tələbə olmaq məqsədilə qərar verməməli, həqiqətən hərbi tibb və ya hərbi mühəndislik sahəsində karyera qurmaq istəyənlər bu imkandan yararlanmalıdır.

