Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə test imtahanı keçirilib
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birgə dövlət icra məmuru vəzifəsinə qəbul üzrə test imtahanı təşkil edib.
İmtahanda namizədlərə ümumilikdə 100 sual təqdim olunub. Sualların 60-ı icra məmurlarının fəaliyyətində tətbiq olunan qanunvericiliyə, 40-ı isə məntiqi düşüncə, ümumi bilik, dünyagörüşü və ünsiyyət bacarıqlarının qiymətləndirilməsinə aid olub.
Qanunvericilik üzrə suallar 1 balla, digər istiqamətlər üzrə suallar isə 0,5 balla qiymətləndirilib. İmtahanda uğur qazanmaq üçün keçid balı 55 müəyyən edilib.
Test mərhələsində Bakı və regionlardan 523, Naxçıvan Muxtar Respublikasından isə 104 namizəd iştirak edib.
İmtahanı başa vuran iştirakçılar topladıqları ballarla tanış olmaq imkanı əldə ediblər.
Test mərhələsini uğurla keçən və ya imtahandan azad olunan şəxslər tələb olunan sənədləri təqdim etdikdən sonra müsabiqənin növbəti mərhələsi olan müsahibəyə buraxılacaqlar.
Mənbə: APA

