“Xəbər Yerində” AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Henan əyalətində yerləşən Jiahu arxeoloji ərazisində tapılmış insan qalıqları əsasında 8 min ildən çox əvvəl yaşamış şəxsin üz cizgiləri bərpa edilib.
Rekonstruksiya Henan Mədəni İrs və Arxeologiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb və Çjençjou şəhərində təqdim olunub.
Kişinin yaşı müəyyən edilib
Tədqiqatçılar hesab edirlər ki, həmin kişi təxminən 25-30 yaşlarında ölüb. Onun cinsi və yaşı çanaq sümüyünün forması və dişlərdəki aşınma dərəcəsi əsasında qismən müəyyənləşdirilib.
Kəllənin təhlili kişinin oval formalı başının, çıxıntılı qaş silsiləsinin və geniş yanaq sümüklərinin olduğunu göstərib. Onun üzünün nisbətən hamar, burnunun isə ortaölçülü olduğu ehtimal edilir.
Alimlərin fikrincə, bu xüsusiyyətlər qədim dövrdə Çinin mərkəzi düzənliklərində yaşayan insanların xarakterik fiziki göstəricilərinə uyğun gəlir.

Üz 3D texnologiyası ilə bərpa edilib
Rekonstruksiya zamanı fiziki antropologiya metodları yüksək dəqiqlikli 3D texnologiyası ilə birləşdirilib.
Mütəxəssislər əvvəlcə kəllədən 3D məlumatlar toplayaraq rəqəmsal model hazırlayıblar. Daha sonra 28 anatomik əlamət müəyyən edilib və üz konturlarının formalaşdırılması üçün əzələlərin yerləşmə mövqeyi qiymətləndirilib.
Son mərhələdə isə qırışlar və saqqal kimi təbii detallar əlavə edilərək qədim insanın ehtimal olunan görünüşü hazırlanıb.
Arxeoloqlar bildiriblər ki, rəqəmsal texnologiyalardan istifadə edilən bu cür layihələr qədim insanların həyatını öyrənməklə yanaşı, yeni arxeoloji kəşflərin geniş ictimaiyyətə daha aydın şəkildə təqdim edilməsinə də imkan yaradır.

