Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək.
Xəbər Yerində Xəzər TV-yə istinadən xəbər verir ki, imtahan oktyabrın 1-də təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən şəxslər avqustun 24-ü saat 12:00-dan sentyabrın 20-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
Namizədlər əvvəlcə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, daha sonra müvafiq elektron xidmət vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahan ödənişlidir. İştirak etmək üçün namizədlər “Şəxsi kabinet”lərinə 35 manat vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra imtahana qatılmayan şəxslərə ödənilən məbləğ geri qaytarılmayacaq.
Test imtahanı DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahanın müddəti 1 saat olacaq. Namizədlərə sürücülərin etik davranışı, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlarla bağlı 20 test tapşırığı təqdim ediləcək.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə nəticəyə təsir göstərməyəcək. 10 və daha çox bal toplayan namizədlər imtahandan keçmiş hesab olunacaqlar.
İmtahandan uğurla keçən şəxslərə 7 il müddətində etibarlı olan şəhadətnamə veriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.

