“Apple”ın sentyabr ayında keçirəcəyi təqdimatda şirkətin ilk qatlanan smartfonunu nümayiş etdirəcəyi gözlənilir.
Xəbər Yerində xəbər verir ki, “iPhone Ultra” adlandırılması gözlənilən yeni modelin 9 sentyabrda təqdim olunacağı və ilin sonuna qədər satışa çıxarılacağı iddia edilir.
Məlumata görə, cihazın başlanğıc qiyməti təxminən 2 200 avro, yəni hazırkı məzənnə ilə 4 300 manata yaxın olacaq.
Kitab kimi açılıb-bağlanacaq
Qatlanan “iPhone”un kitab formasında açılan konstruksiyaya malik olacağı bildirilir. Smartfon açıldıqda böyük daxili ekrandan, qatlandıqda isə adi telefon kimi xarici ekrandan istifadə etmək mümkün olacaq.
İddialara əsasən, daxili ekranın ölçüsü 19,8 santimetr, xarici ekranın ölçüsü isə 13,5 santimetr təşkil edəcək.
Dörd kameralı olacaq
Yeni modelin ümumilikdə dörd kamera ilə təchiz ediləcəyi gözlənilir. Onlardan ikisinin arxa paneldə, biri daxili ekranda, digəri isə ön hissədə yerləşdiriləcəyi qeyd olunur.
“iPhone Ultra”nın “Apple”ın yeni nəsil A20 Pro prosessoru ilə işləyəcəyi də iddia edilir. Məlumata görə, yeni çip A19 Pro ilə müqayisədə 18 faiz daha sürətli olacaq və 30 faiz daha az enerji sərf edəcək.
Eyni prosessorun “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərində də istifadə ediləcəyi gözlənilir.
Bundan əvvəl yayılan görüntülərdə cihazın ekran künclərinin qeyri-adi və asimmetrik dizayna malik ola biləcəyi iddia edilmişdi.
“Apple”ın sentyabr təqdimatında qatlanan “iPhone”la yanaşı yeni Apple Watch Series 12, Apple Watch Ultra, iPad mini 8 və AirPods Pro modellərini də təqdim edəcəyi gözlənilir.

