Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dərin humanitar və milli əhəmiyyət daşıyan məsələ olaraq qalır.
“Xəbər Yerində” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Hacıyev qeyd edib ki, itkinlərin taleyinin müəyyənləşdirilməsi istiqamətində şahid ifadələri yoxlanılır, ehtimal olunan dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlarda qazıntı işləri aparılır. Aşkar edilən insan qalıqları isə məhkəmə-tibbi və DNT müayinələrindən keçirilir.
Bildirilib ki, indiyədək 32 kütləvi məzar aşkarlanıb və 328 itkin şəxsin kimliyi DNT müayinəsi nəticəsində müəyyən edilib.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların mümkün dəfn yerləri barədə dəqiq və hərtərəfli məlumatların təqdim olunması mühüm olaraq qalır.
Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıq ilk növbədə humanitar öhdəlikdir və minlərlə ailənin onilliklərdir davam edən qeyri-müəyyənliyə son qoyması baxımından böyük əhəmiyyət daşıyır.

