REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sənədsiz evlərlə bağlı açıqlamasına münasibət bildirib.
Xəbər Yerində xəbər verir ki, Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edərək problemin bütün məsuliyyətinin vətəndaşların üzərinə qoyulmasını tənqid edib.
İqtisadçı bildirib ki, ölkədə yüz minlərlə sənədsiz evin mövcudluğuna görə yalnız vətəndaşları məsul tutmaq doğru yanaşma deyil.
“Bütün günahı vətəndaşa yükləmisiniz”
Cəfərli qeyd edib ki, sənədsiz evlərə dövlət şirkətləri tərəfindən illərlə elektrik, qaz və su verilib və bunun qarşılığında vətəndaşlardan ödəniş alınıb.
O, bu halda dövlət qurumlarının məsuliyyətinin də araşdırılmalı olduğunu vurğulayıb:
“Vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub? Bu suallara aydın, ədalətli cavablar olmalıdır”.
“Məsələnin həlli əmlak amnistiyasından keçir”
Natiq Cəfərli hesab edir ki, uzun illər ərzində formalaşmış problemin həlli üçün birtərəfli yanaşmadan imtina edilməlidir.
Onun sözlərinə görə, məsələ yalnız vətəndaşların məsuliyyəti ilə məhdudlaşmamalı, səlahiyyətli dövlət qurumlarının da üzərinə düşən məsuliyyət müəyyənləşdirilməlidir. Cəfərli problemin həlli yollarından birinin “əmlak amnistiyası” olduğunu bildirib.
Qeyd edək ki, Mətin Eynullayev daha əvvəl sənədsiz evləri iki əsas kateqoriyaya ayırıb və qanunvericiliyə əsasən, müəyyən hallarda özbaşına tikililərə mülkiyyət hüququnun yaranmadığını açıqlayıb.

